
Almaniyanın paytaxtı Berlində müasir Azərbaycan dövlətçiliyinin banisi və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş musiqili tədbir keçirilib .
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbir Dövlət Komitəsinin nəzdindəki Azərbaycan Diasporuna Dəstək Fondu, Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyi və Almaniyadakı Azərbaycanlılar Alyansı tərəfindən birgə təşkil olunub.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsindəki, dövlətçilik ənənələrinin formalaşmasındakı müstəsna töhfələrindən danışıb. O, qeyd edib ki, İlham Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycanda sabitlik bərpa olunub, dövlət qurumları möhkəmləndirilib və ölkənin gələcək inkişafının təməli qoyulub. Onun müdrik xarici siyasəti sayəsində Azərbaycan beynəlxalq birliyin etibarlı tərəfdaşına çevrilib.
Tədbirdə çıxış edənlər həmçinin vurğuladılar ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası Heydər Əliyevin ən böyük arzularından birini gerçəkləşdirib.
Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev Heydər Əliyevin dövlətçiliyin möhkəmləndirilməsində, milli maraqların qorunmasında və Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsindəki görkəmli xidmətlərini qeyd etdi. O, Almaniya ilə münasibətlərin inkişafının Ümummilli Liderin strateji baxışında xüsusi yer tutduğunu vurğuladı və Azərbaycan-Almaniya əməkdaşlığının bu gün iqtisadiyyat, təhsil, innovasiya və mədəni-humanitar mübadilə sahələrində uğurla davam etdiyini bildirdi.
Tədbir konsert proqramı ilə davam etdi. Xalq artisti Faiq Sücəddinovun ifasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Elegiya” və digər musiqi əsərlərinin ifası tamaşaçıları valeh etdi. Xalq artisti Əlixan Səmədovun balabanla solo ifası xüsusilə unudulmaz təəssürat yaratdı.
“Simurq” muğam ansamblının ifasında muğam və xalq mahnılarından ibarət konsert proqramı böyük maraqla qarşılandı və sürəkli alqışlar oldu. Əməkdar artistlər Şölə Səfərəliyeva və Mirələm Mirələmovun çıxışları tamaşaçıları daha da sevindirdi.
Gecənin musiqi ab-havasını Əməkdar Artist Kamran Kərimov (nağara), Elnur Mikayılov (kamança), Anar Vəlizadə (balaban), Zəki Vəliyev (tar), İdris Hüseynov (ud), Vasif Hüseynin (piano) ifaları zənginləşdirib.






