
Hüquqinfo.az bildirir ki,
Ukrayna Kurskda Rusiya tərəfində vuruşub əsir düşən Şimali Koreyanın iki əsgərini Cənubi Koreyaya təhvil verdikdən sonra bunu elan etdiyinə görə, rəsmi Kiyevlə Seul arasında qalmaqal yaşanır.
Cənubi Koreyanın Prezidenti Yu Yon Von rəsmi Kiyevi məxfiliyi pozmaqda günahlandırıb. O, həmin əsirlərlə ötən il Ukrayanaya səfəri zamanı şəxsən görüşdüyünü bildirib.
Koreya Respublikası əsirlər barədə məlumatın açıqlanmasından niyə narahatdır? Çünki həmin hərbçilər Cənubi Koreyanın təhlükəsizlik qurumları tərəfindən sorğu-sual ediləcək. Bundan sonra barələrində uyğun qurumlar qərar çıxaracaq.
Qaydalara əsasən, keçmiş əsgərlərin dindirilməsi və təhlükəsizlik xidmətləri tərəfindən yoxlanılması gözlənilir. Bundan sonra Seuldakı hakimiyyət orqanları onlara müdafiə hüququ verilməsi və köçürmə prosesinin başlanması barədə qərar qəbul edəcək.
Cənubi Koreya qanunlarına əsasən, təhlükəsizlik məqsədilə əvvəlcə Milli Kəşfiyyat Xidməti (NIS) müdafiə olunanların şəxsiyyətini müəyyən edənə və Şimali Koreyanı tərk etmə səbəblərini yoxlayana qədər müvəqqəti saxlama müəssisəsində qalırlar. Ancaq bu məsələnin açıqlanması istintaq prosesinə müəyyən maneələr yarada bilər. Daha doğrusu, əsir hərbçilər vəziyyətlə bağlı açıq danışmaqdan ehtiyatlana bilərlər. Yaxud Şimali Koreyadakı qohumlarının təhlükəsizliyinə görə ehtiyatla danışarlar. Başqa bir tərəfdən, Pxenyan onların zərərsizləşdirilməsi üçün Cənubda əməliyyat keçirə bilər.
Rəsmi Seulun qənaətincə, belə məlumatın açıqlanması əsirlərin Şimali Koreyada olan yaxınlarının həyatını təhlükə altına qoya, həmçinin Seul və Pxenyan arasındakı münasibətlərə mənfi təsir göstərə bilər.
Bütün hallarda əsirlərlə bağlı məlumatın açıqlanması Kiyevlə Seul arasında əldə edilmiş razılaşmanın pozulması kimi qiymətləndirilir.
Əsirlərin Cənuba verilməsi ilə bağlı bir mülahizə də söyləmək olar. Məlum olduğu kimi, Şimali Koreya vətəndaşları yarımadanın o biri hissəsinə sığınmaq üçün yol axtarırlar.
Ukrayna prezidenti Volodimir Zelenski ötən gün sosial şəbəkə hesabında yazıb ki, hazırda Rusiyada təxminən 8000 Şimali Koreya hərbçisi var və Pxenyan daha 10 000 hərbçisini Rusiya Federasiyasına göndərməyə hazırlaşır.
Yeri gəlmişkən, Cənubi Koreyanın məlumatlarına əsasən, indiyədək rotasiyalardan 23-dən 25 minə qədər KXDR əsgəri keçib. Ümumilikdə isə müharibə müddətində bu sayın 30-50 minə qədər olacağı planlaşdırılır. Bildirilib ki, 3 min koreyalı hərbçi ölüb, 1,5-3 minədək əsgər isə yaralanıb.
İnformasiyalara əsasən, Pxenyan Rusiya ilə hərbi əməkdaşlıq nəticəsində (silah və canlı qüvvə tədarükü) 22 milyard dollara qədər qazanıb. Rusiya hər bir koreyalı hərbçiyə ayda 2000 min dollar ödəyir. Odur ki, Ukrayna Şimali koreyalılara təkcə pul qazanmaq üçün mənbə deyil, həm də Cənubi Koreyadan sığınacaq almaq üçün körpü olar. Belə ki, Cənuba sığınmaq istəyənlər Ukraynaya gedib, oradan Cənuba deportasiya etmək üçün müraciət edə bilərlər.
Bu, iki Koreya arasında olan yeganə gərginlik mənbəyi deyil. İki ölkənin sərhəd zonasında sentyabrın 21-də minalar partladılıb. Nəticədə 3 Cənubi Koreya həbrçisi yaralanıb. Şimali və Cənubi koreyalar bu məsələdə bir-birini ittiham edirlər. Rəsmi Seul hadisə yerində Şimali Koreyaya məxsus detalların tapıldığını bildirib.
Ötən gün Şimali Koreya lideri Kim Çen Inın bacısı - ölkənin qeyri-rəsmi ikinci şəxsi də sayılır - Kim Yo Conq bildirib ki, sərhəd zonasında minanın partladılmasının bədəlini Seul ödəyəcək. O, Cənub qonşularına atəşlə cavab verəcəklərini vurğulayıb. Deyib ki, Seul öz iddialarını təsdiqləmək üçün "maddi sübutlar"ı saxtalaşdırmağa çalışır: "Bu təxribatçı hərəkətlərin əsas günahkarları qurduqları bu əməlin qarşılığını ödəməyə hazır olmalıdırlar".
Bu baxımdan, sərhəddə partlayan, yaxud partladılan mina iki ölkə münasibətlərinin gərginləşməsi üçün qığılcımdır. Pxenyan mina partlayışında Seulu ittiham etməklə əslində ondan əsirlərlə bağlı hadisənin acığını çıxır. Çünki iki keçmiş hərbçi Cənubi Koreya üçün Rusiya-Ukrayna müharibəsinin önəmli canlı sənədi də sayılır. Onlar təkcə Rusiyanın Kursk vilayətindəki, habelə Ukraynadakı vəziyyətin şahidləri deyil, həm də beynəlxalq ictimaiyyət üçün qapalı olan Şimali Koreyanın Rusiya ilə hərbi sahədə əməkdaşlıqlarının hələ ki sağ qalan şahidləridir.
Pxenyan sərhəddəki mina partlayışını bəhanə edərək Cənuba qarşı liderin bacısının iddia etdiyi kimi cavab tədbiri görə bilər. Qeyri-rəsmi ikinci şəxsin bəyanatını Seula çağırış kimi də qiymətləndirmək mümkündür. Başqa sözlə, Pxenyan cənublu rəsmilərin minanın partladılmasına reaksiya verməyəcəyi halda iki əsir vətəndaşını əvəz etmək istəyər.
Bu, təkcə iki əsirin Cənubi Koreyaya təhvil verilməsi kimi humanitar hadisə deyil. Bu, Şimali Koreyanın Ukraynadakı müharibədə Rusiya tərəfdən iştirakına bir daha diqqətin ayrılmasıdır. Başqa sözlə, Kim Çen In Ukraynanın işğalı zaman baş verən müharibə cinayətlərinə özü başda olmaqla ölkəsini də şərik edir. İki keçmiş hərbçi əsir bu savaşa cəlb olunmuş günahsız Şimali koreyalılara nümunədir.
Ukraynadakı müharibə Uzaq Şərqdə də gizli anlaşmaların ifşasına açar ola bilir. Şimallı keçmiş əsirlərin təhvil verilməsi isə Kiyevlə Seul arasında diplomatik qalmaqala səbəb olsa da, əməkdaşlığın başqa şəkildə davam edəcəyinə də əsas verir. Bu isə Rusiyada döyüşən çarəsiz şimallılar üçün nicat yolu olar. Odur ki, Pxenyanla Seul arasında gərginliyin artacağı istisna edilmir.








