
Hüquqinfo.az bildirir ki,
"Azərbaycanda dağ-mədən sənayesinin inkişaf dinamikası son illərdə müsbət istiqamətdə davam edir".
Bunu Hüquqinfo.az-ya açıqlamasında Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin tədris işləri üzrə dekan müavini İlqar Quliyev deyib.
O bildirib ki, xüsusilə Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurda geoloji-kəşfiyyat işlərinin genişləndirilməsi, mövcud faydalı qazıntı yataqlarının müasir metodlarla yenidən qiymətləndirilməsi və onların mərhələli şəkildə iqtisadi dövriyyəyə cəlb olunması sektorun gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır: "Bu ərazilərin zəngin mineral-xammal potensialından səmərəli istifadə edilməsi dağ-mədən sənayesinin istehsal və ixrac imkanlarının genişlənməsinə, yeni investisiyaların cəlb edilməsinə, emal sənayesinin inkişafına və regionlarda yeni məşğulluq imkanlarının yaradılmasına mühüm töhfə verə bilər".
Geoloqun sözlərinə görə, ötən dövrlə müqayisədə əsas müsbət dəyişikliklərdən biri geoloji tədqiqatlara və yataqların iqtisadi səmərəliliyinin qiymətləndirilməsinə daha sistemli yanaşmanın formalaşmasıdır: "Hesab edirəm ki, müasir texnologiyaların tətbiqi, ekoloji təhlükəsizlik tələblərinə riayət olunması və beynəlxalq təcrübədən istifadə edilməsi Azərbaycanın dağ-mədən sektorunun qeyri-neft iqtisadiyyatındakı rolunun daha da güclənməsinə şərait yaradacaq".








