










Hüquqinfo.az bildirir ki,
Avstraliyada köpəkbalığının üzgüçüyə ölümlə nəticələnən hücumundan sonra Pert bölgəsindəki bir sıra çimərliklər bazar gününə qədər bağlı qalacaq.
"Hüquqinfo.az" BBC-yə istinadən xəbər verir ki, Qərbi Avstraliya ştatının səlahiyyətliləri köpəkbalığının tutulması və öldürülməsi barədə nadir qərar veriblər.
Hücumun qurbanı 63 yaşlı Qreq O'Nil olub. Hadisə sentyabrın 18-i Pertdən şimalda yerləşən məşhur Sorrento çimərliyinin yaxınlığında baş verib. Kişinin meyiti hələ də tapılmayıb.
Şahidlərin sözlərinə görə, O'Nil başqa bir kişi ilə birlikdə üzürdü və həmin şəxs həmin an sudan çıxmağı bacarıb. Köpəkbalığının axtarışları davam edir.
Bu, Qərbi Avstraliyada bir həftə ərzində ikinci köpəkbalığı hücumudur və ilin əvvəlindən bəri ştatda ölümlə nəticələnən üçüncü hadisədir.
Köpəkbalığının tutulması və öldürülməsi barədə qərar Qərbi Avstraliya üçün müstəsna tədbirdir. Ştatın balıqçılıq naziri Ceki Carvis bildirib ki, onun bildiyinə görə, təxminən 10 il ərzində ilk dəfədir ki, belə bir qərar qəbul edilir. Eyni zamanda, səlahiyyətlilər böyük ağ köpəkbalıqlarının mühafizə altında olduğunu vurğulayaraq, köpəkbalıqlarının kütləvi şəkildə məhv edilməsi ehtimalını istisna ediblər.





