
Hüquqinfo.az bildirir ki,
İtaliyanın Milan şəhərinin əsas hava limanı olan “Malpensa”ya rəsmi olaraq ölkənin sabiq Baş naziri Silvio Berluskoninin adı verilib.
“Hüquqinfo.az” “Rainews24” xəbər kanalına istinadən xəbər verir ki, nəqliyyat qovşağının yeni tam adı “Milan-Malpensa Silvio Berluskoni Hava Limanı” olaraq təsdiqlənib.
Adverilmə mərasimində İtaliya Senatının spikeri İnyatsio La Russa, xarici işlər naziri Antonio Tayani, nəqliyyat naziri Matteo Salvini, Lombardiya qubernatoru Attilio Fontana və mərhum siyasətçinin ailə üzvləri iştirak ediblər.
Xatırladaq ki, Berluskoninin adının əbədiləşdirilməsi təşəbbüsü 2024-cü ilin yayında nəqliyyat naziri Matteo Salvini tərəfindən irəli sürülmüş, Milli Aviasiya Şurası (ENAC) və regional administrasiya tərəfindən dəstəklənmişdi.
Lakin Milan bələdiyyəsi və ətraf ərazilərin yerli icmaları prosedurların pozulduğunu iddia edərək məhkəməyə müraciət etmişdilər. Lombardiya Regional İnzibati Məhkəməsi bələdiyyələrin hava limanlarının adlandırılmasına müdaxilə etmək üçün hüquqi səlahiyyətlərinin olmadığını bildirərək iddiaları rədd edib və qərar hüquqi qüvvəyə minib.
Qeyd edək ki, “Malpensa” sərnişin axınına görə İtaliyada yalnız Romanın “Fumiçino” hava limanından geri qalaraq ölkənin ikinci ən böyük aviasiya qovşağı sayılır.










