
Hüquqinfo.az bildirir ki,
Dövlət qurumlarının əməkdaşlarının rəqəmsal savadlılığının artırılmasını nəzərdə tutan "Rəqəmsal Üfüqlər" Milli Rəqəmsal Savadlılıq Təlim Proqramına oktyabr ayından etibarən start veriləcək.
"Hüquqinfo.az" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir müavini Rəşad Həsənov İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə "Baku ID" çərçivəsində Azərbaycanın aparıcı texnologiya şirkətləri və startapları ilə görüşdə bildirib.
Onun sözlərinə görə, Proqram çərçivəsində dövlət qurumlarında çalışan 30 min şəxs üçün yeni öyrənmə platforması hazırlanmış, platformada süni intellekt, kibertəhlükəsizlik sahələrini əhatə edən materiallar, imtahan modulları yerləşdirilib.
"Rəqəmsal bacarıqların sistemli şəkildə inkişaf etdirilməsi, dövlət idarəçiliyində rəqəmsal transformasiyanın sürətləndirilməsi və əməkdaşların müasir texnologiyalardan səmərəli və təhlükəsiz istifadə səriştələrinin gücləndirilməsi məqsədi daşıyır", - nazir müavini qeyd edib.
Azərbaycanda İT sahəsində insan kapitalının yetişdirilməsi məsələsinə toxunan Rəşad Həsənov əmək bazarında müəyyən çağırışların olduğunu bildirib: "İT əmək bazarının tələb və təklifi arasında böyük fərq mövcuddur. İT ixtisası ilə məzun olanların sayı kifayət qədər olsa da, məzunlar öz sahələrinə uyğun iş tapmaqda çətinlik çəkirlər. Digər tərəfdən, İT şirkətləri sahə üzrə orta və yüksək təcrübəli əməkdaşlar tapmaqda çətinlik çəkir. Başqa sözlə, bazarda tələb və təklif arasında tarazlıq pozulur".
O, həmçinin qeyd edib ki, bu məsələnin həlli üçün dünya təcrübəsi öyrənilib və müvafiq islahatlar çərçivəsində İT mütəxəssislərinin yetişdirilməsi, yenidən ixtisaslaşdırılması və əmək bazarına cəlb edilməsi mexanizmlərinin tətbiqi nəzərdə tutulub.
İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov isə çıxışı zamanı Agentliyin hazırladığı "OpenWave" Açıq İnnovasiya Proqramını ekosistem nümayəndələrinin diqqətinə çatdırıb. O bildirib ki, proqram qurumların və təşkilatların real əməliyyat problemlərinin süni intellekt texnologiyası əsasında həlli imkanlarını ehtiva edir: "Bu proqram qurumların üzləşdiyi real çağırışlarla startap həlləri arasında körpü yaradır. Belə ki, qurumların müəyyən etdiyi problemlər üzrə vörkşoplar keçirilir və bu zaman startap həlləri təqdim edilir. Seçilmiş həllər real iş mühitində prototip səviyyəsində sınaqdan keçirilir və nəticəni qurumlar təhlil edir".
O əlavə edib ki, ilkin mərhələdə proqram "Plug and Play" ilə birlikdə "Azərbaycan Dəmir Yolları" və "Bakı Metropoliteni" QSC-lər üçün bu ay həyata keçirilib.
Görüşün təqdimat hissəsindən sonra şirkətlərlə müzakirə baş tutub. Tədbir iştirakçıları texnoparklar, həm yerli, həm də xarici bazarlarda genişlənmə potensialının artırılması, startapların üzləşdiyi çağırışlar və digər mühüm mövzulara dair fikir mübadiləsi aparıblar. İRİA-nın mütəmadi keçirdiy "Ecosystem Meetup" tədbirlərinin əsas məqsədi innovasiya ekosistemində əlaqələri gücləndirmək, təcrübə, bilik, nailiyyətlər və planlar haqqında ətraflı müzakirə aparmaqdır.










