
Hüquqinfo.az bildirir ki,
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ-ın "Halliburton" şirkəti arasında neft-qaz yataqlarının işlənməsi, hasilatın səmərəliliyinin artırılması, rəqəmsallaşma və innovativ texnologiyaların tətbiqi istiqamətlərində mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.
"Hüquqinfo.az"a SOCAR-a istinadən xəbər verir ki, bu barədə müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəf "Halliburton" şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti Rami Yassine ilə görüşdə aparılıb.
Söhbət zamanı "Halliburton" şirkətinin uzun illər ərzində Azərbaycanda uğurla fəaliyyət göstərdiyi qeyd edilib. SOCAR ilə "Halliburton" arasında mövcud əlaqələrdən məmnunluq ifadə olunub, Azərbaycanda və digər ölkələrdə SOCAR tərəfindən həyata keçirilən layihələr üzrə tərəfdaşlığın daha da genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Qonağa SOCAR tərəfindən rəqəmsallaşma və süni intellekt həllərinin tətbiqi istiqamətində görülən işlər barədə məlumat verilib. Bu xüsusda, Karbamid zavodunun Dünya İqtisadi Forumunun "Qlobal mayak" Şəbəkəsinə üzv qəbul olunması məmnunluqla vurğulanıb.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.







