
Hüquqinfo.az bildirir ki,
Bu gün küçələrə, insanlara, cəmiyyətin ümumi ab-havasına nəzər salanda dəhşətli bir həqiqətlə üz-üzə qalırıq: İnsanlar mənəvi bataqlıqda boğulurlar, amma bu bataqlığın ilıq suyundan zövq alırlar.
Yaşayış adlandırdıqları şey müvəqqəti zövqlərin, gündəlik məişət qayğılarının və ötəri həvəslərin köləliyinə çevrilib. İnsanlar ruhi ölümün içindədirlər, lakin özlərini bəxtəvər sayırlar. Rəbb İsadan, Onun insanlıq uğrunda xaç üzərində verdiyi Böyük Qurbandan, tökdüyü müqəddəs qandan uzaq düşmüş bir toplum xilas olduğunu zənn edir. Lakin bu yaşayış deyil — bu, ruhun tədricən məhvidir!
1. Dodaqda Rəbb, Qəlbdə Şər: Yalançı İmanın İfşası
Aramızda elələri var ki, Allaha “növbətçi” bir münasibət bəsləyirlər. Başları darlığa düşəndə, xəstələnəndə və ya bir işləri keçəndə Rəbbi xatırlayır, "əhval-ruhiyyə" soruşur, sonra isə yenidən öz qaranlıq əməllərinə qaydırlar. İncil belə formal və səthi ibadəti kəskin şəkildə rədd edir:
"Bu xalq dodaqları ilə Mənə hörmət edir, amma qəlbləri Məndən uzaqdır." (Matta 15:8)
Allahla münasibət bazarlıq deyil! Həftədə bir dəfə, ayda bir dəfə xatırlanan Rəbb sizin xilaskarınız ola bilməz. Müqəddəs Kitab xəbərdarlıq edir ki, "Mənə 'Ya Rəbb, ya Rəbb!' deyən hər kəs Göylərin Padşahlığına girməyəcək, ancaq göylərdə olan Atamın iradəsini yerinə yetirən girəcək" (Matta 7:21). İman yarıyolda saxlanılacaq bir yük deyil, yaşam tərzidir!
2. Çarmıxdakı Qurbana Böyük Nankorluq
İsa Məsih bəşəriyyətin günahlarını yumaq, insanı mənəvi ölümün cəngindən qurtarmaq üçün Özünü qurban verdi. Bu, bəşər tarixinin ən böyük sevgisi və fədakarlığı idi. Bəs bugünkü cəmiyyət nə edir? Bu böyük qurbanı görməzdən gəlir, günah içində yaşamağa davam edir.
Müqəddəs Kitabda yazılıb:
"Məsih hamı üçün öldü ki, yaşayanlar artıq özləri üçün deyil, onlar uğrunda ölən və dirilən Məsih üçün yaşasınlar." (2-ci Korinflilərə 5:15)
İnsanlar isə öz nəfsləri, mənfəətləri və müvəqqəti rahatlıqları üçün yaşamağı üstün tuturlar. Xaçın kölgəsində yaşayıb Xaçın Sahibini inkar etmək nankorluğun ən son həddidir.
3. Son Zamanların Əlaməti: Zövq-Səfa Kölələri
Cəmiyyətin gəlib çıxdığı bu acınacaqlı hədd təsadüfi deyil. İncildə həvari Pavel əsrlər əvvəl bugünkü cəmiyyətin mənəvi Portretini dəqiq cızmışdı:
"Son günlərdə çətin vaxtların gələcəyini bil. Çünki insanlar özlərini sevən, pulpərəst, öyünən, məğrur... Allahı sevən deyil, zövq-səfanı sevən olacaqlar. Onlar dindar kimi görünəcək, lakin onun gücünü inkar edəcəklər." (2-ci Timoteyə 3:1-5)
Bu gün cəmiyyətdə baş verənlər tam olaraq budur! İnsanlar mənəviyyatdan qaçır, çünki mənəviyyat məsuliyyət tələb edir. Onlar vicdanın səsini boğmaq üçün günah zövqlərinin dalınca qaçırlar.
4. Xilas Yolu: Hər An, Hər Gün Allahla Təmas
Cəmiyyət anlamalıdır ki, yarı-yalançı dindarlıqla, yalnız dilində "Allah" deməklə xilas olmaq mümkün deyil. İnsanın baxışı, düşüncəsi, davranışı və bütün yaşam tərzi Rəbbə köklənməlidir.
Fikir və düşüncədə: "Bu dünyaya uyğunlaşmayın, lakin düşüncənizin yenilənməsi ilə dəyişilin..." (Romalılara 12:2)
Hər an təmasda: "Davamlı dua edin. Hər şeydə şükür edin..." (1-ci Salonikilərə 5:17-18)
Allahla hər an münasibətdə olmayan insan şər qüvvələrin və nəfsin oyuncağına çevrilməyə məkumdur. İnsanın hər addımında Rəbbi düşünməsi, özünü qoruması və Onun yolunu tutması bir seçim deyil, yaşamaq üçün tək şərtidir!
Ayyılmaq Zamanıdır!
Bu gün cəmiyyət dərin mənəvi yuxudadır. Amma bu yuxunun sonu dəhşətli oyanış ola bilər. Vaxt varkən, mənəviyyata qaytmamaq, İsa Məsihin göstərdiyi xilas yolunu qəbul etməmək və hər anı Rəblə yaşamamaq fəlakətdir.
Məqsəd yalnız dildə iman gətirmək deyil, ürəyi və bütün həyatı Rəbbə təslim etməkdir. Qəflət yuxusundan oyanın, çünki ruhunu itirən cəmiyyət bütün dünyanı qazansa bile, heç nədir!





