
Hüquqinfo.az bildirir ki,
Sentyabrın 24-27-də İtaliyanın Turin şəhərində keçirilmiş "Terra Madre Salone del Gusto 2026" beynəlxalq qastronomiya festivalında Azərbaycanın qastroturizm imkanları təqdim olunub.
"Biomüxtəliflik diqqət mərkəzində" mövzusunda keçirilən festivalda Agentliyin qurduğu "Azərbaycan: Biomüxtəliflik, İrs və Dad" milli stendi vasitəsilə ölkənin qastronomik irsi, yerli biomüxtəlifliyi, ənənəvi qida məhsulları və kiçik istehsalçıları barədə məlumat verilib.
Tədbirin açılışında Böyük Britaniya Kralı III Çarlz xüsusi müraciət edərək yerli xalqların (Indigenous peoples) əcdadlarından qalan torpaq və toxum qoruma biliklərinin iqlim böhranından çıxış üçün yeganə yol olduğunu bildirib. İştirakçılara ünvanladığı mesajda Kral III Karlo Petrini haqqında qeyd edib ki, o, bu dəyərlərə son dərəcə ehtiyacı olan dünyada sağlam düşüncəni, humanizmi və sivil dəyərləri təmsil edən bir şəxs idi. Kral əlavə edib ki, bu gün "'Slow Food' hərəkatının missiyası hər zamankından daha həyati və təxirəsalınmaz əhəmiyyət kəsb edir.
Açılış mərasimində çıxış edən İtaliya Prezidenti Sercio Mattarella (Sergio Mattarella) qeyd edib ki, biomüxtəlifliyin qorunmasını sadəcə təbiət hadisəsi deyil, həm də "qida demokratiyası və azadlığı"dır.
Qastronomiya festivalında Agentlik və onun tabeliyində fəaliyyət göstərən Azərbaycan Milli Kulinariya Mərkəzinin nümayəndələrinin iştirakı ilə milli stenddə Böyük Qafqaz üzrə "Slow Food Travel" marşrutu, "Slow Food" yanaşmasının Azərbaycanda qastronomiya turizmində tətbiqi, yerli biomüxtəlifliyin qorunması və ənənəvi məhsulların təşviqi istiqamətində həyata keçirilən fəaliyyət təqdim olunub.
Milli stenddə Azərbaycanın müxtəlif bölgələrini təmsil edən ata-baba fındığı, müxtəlif bal növləri, çay, yerli düyü və buğda sortları, ənənəvi mürəbbə və turşular, eləcə də "Dad gəmisi" kataloqunda qeydiyyatdan keçirilmiş yerli biomüxtəliflik məhsulları nümayiş olunub. Usta aşpaz Kənan Balaşov "Dad gəmisi" kataloqunda qeydiyyatdan keçən biomüxtəliflik nümunələrindən, milli bişirmə metodologiyaları əsasında məhsul uyğunlaşmalarını təqdim edib.
Qastronomiya festivalında milli mətbəxə əsaslanan müasir üslubda hazırlanmış menyunu digər yerli aşpaz və fermerlər də dequstasiya üçün təqdim edin, Azərbaycanın ənənəvi şirniyyat və çay süfrəsi mədəniyyətinə yer verib. Qovut, şəkərbura, paxlava, fındıq halvası, səməni halvası, əncirfərəc və digər ənənəvi məhsullar ziyarətçilərə təqdim edilib.
Azərbaycan festivalın rəsmi proqramında da təmsil olunub. Sentyabrın 25-də keçirilən "Azerbaijan Flavored with Honey" adlı "Taste Workshop" sessiyasında Azərbaycanın arıçılıq ənənələri, müxtəlif bal növləri və balın milli mətbəxdə istifadəsi beynəlxalq auditoriyaya təqdim edilib.
Azərbaycan nümayəndə heyətinin təşkil etdiyi "Azerbaijan Flavored with Honey" laboratoriyasında unikal anlar yaşanıb. Şirniyyatçı-şef Betül Hüseynli "Dad Gəmisi" kataloquna daxil olan milli məhsullarımızdan - Qaraqılçıq buğdasından halva çalarkən qədim milli üsullardan istifadə edib.
Turin küçələrinə yayılan qovut və təbii Qafqaz balının ətri yüzlərlə əcnəbi turistin stendimiz qarşısında uzun növbələr yaratmasına səbəb olub. Bu dad seminarının əsas qəhrəmanı Qəbələ bölgəsindən olan, arıçı Səbuhi Nəbiyevin heç bir əlavə olmadan və davamlı təsərrüfat üsulları ilə istehsal etdiyi təbii bal olub.
Dadına baxma və canlı nümayişlər vasitəsilə seminar iştirakçılara Azərbaycan mətbəxinin təhlükə altında olan resept və dadların qorunmasını necə davamlılıq və ölkənin mədəni irsinin mühafizəsi ilə birləşdirdiyini anlamaq imkanı yaradıb.
Qeyd olunmalıdır ki, sözügedən bal sadəcə bir qida məhsulu deyil, həm də ekologiyanın müdafiəçisidir. Çünki meşələr və dağlar arasındakı təbii bitki örtüyü ilə qidalanan arılar yerli ekosistemi qoruyur və onun botaniki unikallığının saxlanılmasına töhfə verirlər. İl ərzində 10 dəfə məskunlaşma yerini dəyişən Qafqaz boz arısından istehsal edilən bal növləri, bu bazarda öz xüsusi yerini tutur.
Festival zamanı milli stenddə "Slow Food" təşkilatının icraçı direktoru Paolo Di Croce və "Slow Food" Türkiyə şəbəkəsinin koordinatoru Yasmina Lokmanoğlu ilə işgüzar görüşlər keçirilib.
Xatırladaq ki, "Terra Madre Salone del Gusto" "Slow Food" hərəkatının əsas beynəlxalq tədbirlərindən biridir. Festival biomüxtəlifliyin və yerli qida irsinin qorunması, dayanıqlı qida sistemlərinin təşviqi, kiçik istehsalçıların dəstəklənməsi, beynəlxalq bilik və təcrübə mübadiləsinin gücləndirilməsinə yönəlib. Azərbaycan 2022 və 2024-cü illərdə "Terra Madre Salone del Gusto" festivalında milli stendlə təmsil olunub, 2025-ci ildə isə Şəki şəhərində "Terra Madre Shaki" tədbiri keçirilib.
Böyük Qafqaz üzrə "Slow Food Travel" marşrutu Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Qax rayonlarında yerli qida irsini, kiçik istehsalçıları, fermer təsərrüfatlarını, ənənəvi istehsal üsullarını və qastronomik təcrübələri vahid turizm məhsulunda birləşdirir. Marşrut çərçivəsində ziyarətçilərin yerli məhsulların mənşəyi, istehsalçıları, ənənələri və regionun biomüxtəlifliyi ilə tanış olması nəzərdə tutulur.










