
Hüquqinfo.az bildirir ki,
Bakı Avrasiya Universitetində (BAAU) “Tətbiqi və humanitar elmlər arasında elmi inteqrasiya – Dayanıqlı inkişaf və rəqəmsal transformasiyanın problemləri” mövzusunda III Beynəlxalq Elmi Konfrans keçirilib.
“Hüquqinfo.az” xəbər verir ki, BAAU və İordaniyanın İrbid Milli Universitetinin təşkilatçılığı ilə keçirilən beynəlxalq elmi konfransda Universitetin rektoru, Dos. Səyavuş Qasımov, universitetin professor-müəllim heyəti, İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı səfiri Ömər Bərəkət əl-Nahar, İrbid Milli Universitetinin rektoru, Prof. Dr. Majid Abu Zureiq, İrbid Milli Universitetindən nümayəndə heyətinin rəhbəri Prof. Dr. Milud Murad, Təşkilat Komitəsinin sədri Dr. Hüseyn Əl-Rəbabaa, Təşkilat Komitəsinin Azərbaycan tərəfindən sədri və BAAU-nun Ərəbşünaslıq Mərkəzinin rəhbəri Dos. Ülviyyə Hüseynova, həmçinin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman, İraq, Mərakeş Krallığı, İordaniya Haşimilər Krallığ, Əlcəzair, Fələstin və digər ərəb ölkələrindən 98 nəfərdən ibarət nümayəndə heyəti iştirak edib.
Tədbir Azərbaycan və İordaniya Haşimilər Krallığının dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Ardınca Qurani-Kərimin qiraəti təqdim olunub.
Konfransın açılış mərasimində BAAU-nun rektoru, dosent Səyavuş Qasımov açılış nitqi ilə çıxış edib. Rektor konfransın mövzusunun müasir elmi çağırışlar fonunda aktuallığını vurğulayıb, tətbiqi və humanitar elmlər arasında qarşılıqlı əlaqələrin və elmi inteqrasiyanın gücləndirilməsinin, elmi tədqiqatların praktiki əhəmiyyətinin artırılmasının, həmçinin dayanıqlı inkişaf və rəqəmsal transformasiya istiqamətlərində araşdırmaların genişləndirilməsinin vacibliyini qeyd edib.
Dos. Səyavuş Qasımov Azərbaycanla ərəb dünyası arasında elmi və akademik əməkdaşlığın genişləndirilməsi istiqamətində mövcud imkanlardan danışıb. Süni intellekt, alternativ enerji, ağıllı kənd təsərrüfatı, mədəni irsin rəqəmsallaşdırılması, rəqəmsal tərcümə və ali təhsildə yeni texnologiyaları mümkün birgə tədqiqat istiqamətləri kimi diqqətə çatdırıb.
BAAU-nun beynəlmiləlləşmə siyasətinə toxunan rektor xarici ali təhsil müəssisələri ilə əməkdaşlığın, akademik mobilliyin və beynəlxalq elmi layihələrdə iştirakın universitetin inkişafında mühüm əhəmiyyət daşıdığını bildirib. Ərəb dünyasının ali təhsil müəssisələri ilə akademik və elmi əlaqələrin genişləndirilməsinin də bu istiqamətin mühüm tərkib hissəsi olduğunu qeyd edib.
Sonra İrbid Milli Universitetinin rektoru Prof. Dr. Majid Abu Zureiq çıxış edərək beynəlxalq elmi əməkdaşlığın inkişafının, müxtəlif ölkələrin alim və tədqiqatçıları arasında elmi əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Prof. Dr. Majid Abu Zureiq bu cür beynəlxalq tədbirlərin elmi təcrübə və bilik mübadiləsinin aparılması, ortaq tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi və yeni akademik əməkdaşlıqların formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
İrbid Milli Universitetindən nümayəndə heyətinin rəhbəri Prof. Dr. Milud Murad da çıxış edərək tədbirin elmi və akademik əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini qeyd edib.
Təşkilat Komitəsinin sədri Dr. Hüseyn Əl-Rəbabaa çıxışında tədbirin müxtəlif elm sahələri arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi və beynəlxalq elmi dialoqun inkişafı baxımından əhəmiyyətini qeyd edib.
Daha sonra Təşkilat Komitəsinin Azərbaycan tərəfindən sədri və BAAU-nun Ərəbşünaslıq Mərkəzinin rəhbəri Dos. Ülviyyə Hüseynova konfransın işinə uğurlar arzulayıb və elmi müzakirələrin yeni əməkdaşlıq imkanlarının formalaşmasına töhfə verəcəyini bildirib.
Konfrans çərçivəsində tətbiqi və humanitar elmlər arasında elmi inteqrasiyanın inkişafı, dayanıqlı inkişafın aktual məsələləri və rəqəmsal transformasiyanın müxtəlif sahələrə təsiri ilə bağlı mövzular müzakirə olunub. Müxtəlif ölkələri təmsil edən alim və tədqiqatçılar məruzələrlə çıxış edib, elmi yanaşmalarını bölüşüb və aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar.









