
Hüquqinfo.az bildirir ki,
ABŞ-nin şimal-şərq bölgələrini cənginə alan güclü fırtına on minlərlə insanın işıqsız qalmasına səbəb olub.
Məlumata əsasən, Nyu-York, Nyu-Cersi, Konnektikut və Massaçusets ştatlarında təxminən 75 min sakin elektrik enerjisindən məhrum olub.
Pis hava şəraiti şənbə günü yüzlərlə aviareysin ləğvinə də səbəb olub. Problemlər, xüsusilə, Bostonda yerləşən "Loqan" beynəlxalq hava limanında müşahidə olunub.
"United Airlines" da daxil olmaqla, bir sıra iri ABŞ aviaşirkətləri sərnişinləri reyslərin mümkün ləğvi və gecikmələri barədə əvvəlcədən xəbərdar edib, həmçinin biletlərin alternativ tarixlərə ödənişsiz dəyişdirilməsi imkanını təqdim edib.
Bundan əlavə, güclü külək çoxsaylı ağacları və elektrik xətlərinin dayaqlarını aşırıb. Bu isə bir sıra avtomobil yollarının bağlanmasına səbəb olub.
Meteoroloji xidmətlərin mütəxəssisləri xəbərdarlıq edirlər ki, yaxın vaxtlarda təbii fəlakət Nyu-York, Boston və Filadelfiya şəhərlərinə ciddi ziyan vura bilər. Proqnozlara görə, yaxın günlərdə Lonq-Aylend ərazisinə 15 santimetrədək yağıntı düşəcək. Həmçinin bəzi sahilyanı ərazilərdə dalğaların hündürlüyünün 6 metrə çatacağı gözlənilir.









