
Hüquqinfo.az bildirir ki,
Azərbaycandakı geoloji potensialı real sənaye ehtiyatlarına çevirmək üçün müasir texnologiyalar əsasında sistemli və uzunmüddətli geoloji-kəşfiyyat proqramları həyata keçirilməlidir.
Bunu "Hüquqinfo.az"a açıqlamasında Elm və Təhsil Nazirliyinin Geologiya İnstitutunun "Bərk faydalı qazıntıların geologiyası" laboratoriyasının müdiri, geologiya-mineralogiya elmləri namizədi (fəlsəfə doktoru) Rauf Kərimov sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycanda 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirənin nəticələrini şərh edərkən bildirib.
Onun sözlərinə görə, xüsusilə Qarabağ və Şərqi Zəngəzur ərazilərində mövcud yataqların ehtiyatlarının müasir metodlarla yenidən qiymətləndirilməsi və yeni perspektiv sahələrin müəyyənləşdirilməsi qarşıdakı dövrdə geoloji-kəşfiyyat işlərinin əsas istiqamətlərindən biri ola bilər.
"Kəlbəcər, Ağdərə və Zəngilan rayonları təsadüfi şəkildə ayrı-ayrı yataqların toplandığı sahələr deyil, daha geniş və mürəkkəb metalogenik sistemlərin tərkib hissəsidir. Qarşıdakı mərhələdə əsas məsələ yalnız məlum yataqların ehtiyatlarını dəqiqləşdirmək deyil, onların ətrafında və qonşu perspektivli strukturlarda müasir geoloji, geokimyəvi və geofiziki tədqiqatları genişləndirməkdir. Çünki bu regionda səthdə görünən mineral təzahürləri ilə yanaşı, dərində yerləşən və indiyədək müəyyən edilməmiş filiz sistemlərinin mövcudluğu da mümkündür. Xüsusilə qızıl-mis və mis-molibden tipli sistemlər baxımından bu istiqamət maraq doğurur.
Təbii ki, yeni mineral təzahürünün aşkarlanması avtomatik olaraq yeni sənaye yatağının kəşfi demək deyil. Bunun üçün mərhələli kəşfiyyat və qazma işləri aparılmalı, filiz ehtiyatlarının həcmi və keyfiyyəti, dərinlikdə davamlılığı, eləcə də hasilatın iqtisadi səmərəliliyi müəyyənləşdirilməlidir", - o bildirib.
Naxçıvan Muxtar Respublikasının geoloji quruluşunun əlvan və qiymətli metallar baxımından maraq doğuran mürəkkəb tektonik və magmatik zonaları əhatə etdiyini xatırladan laboratoriya müdiri "Göydağ" və "Başkənd" mis-qızıl yataqları üzrə ilkin resursların müəyyən edilməsini, "Ortakənd" qızıl yatağının isə gələcək layihələr sırasına daxil edilməsini xüsusilə diqqətəlayiq hesab edir.
"Bundan əlavə, yeni geoloji-kəşfiyyat işlərinin aparılması mövcud yataqların ehtiyatlarının dəqiqləşdirilməsi ilə yanaşı, indiyədək müəyyən edilməmiş yeni minerallaşma zonalarının aşkar olunmasına imkan verə bilər. Naxçıvanda əsas perspektiv qızıl və mislə məhdudlaşmır. Ərazinin geoloji xüsusiyyətləri nəzərə alınmaqla, polimetal və digər metal filizləri ilə yanaşı, nadir torpaq elementlərinin də sistemli şəkildə araşdırılması məqsədəuyğundur.
Müasir geofiziki, geokimyəvi, peyk və aerogeofiziki üsulların tətbiqi burada əvvəllər aşkar edilməmiş, xüsusilə dərində yerləşən filiz sistemlərinin müəyyənləşdirilməsi imkanlarını xeyli artırır. Sistemli axtarış, geokimyəvi və geofiziki tədqiqatların, daha sonra isə qazma işlərinin müsbət nəticə verməsi Naxçıvanın qızıl-mis və digər metal filizləri üzrə Azərbaycanın əhəmiyyətli yeni resurs bazalarından birinə çevrilməsi üçün real perspektiv yarada bilər", - R. Kərimov qeyd edib.
İnstitut rəsmisi qeyd olunan yataqlarda əhəmiyyətli həcmdə ehtiyatların aşkarlanması halında həmin resursların yalnız filiz və ya ilkin xammal formasında dünya bazarına çıxarılması ilə yanaşı, ölkə daxilində daha yüksək əlavə dəyər yaradan mərhələlər üzrə emal imkanlarının da qiymətləndirilməsini vacib hesab edir.
"Filizin zənginləşdirilməsi, konsentrat və metal istehsalı, eləcə də iqtisadi baxımdan səmərəli olduğu hallarda yarımfabrikat və son məhsulların istehsalını əhatə edən dəyər zəncirinin formalaşdırılması ölkə daxilində əlavə dəyərin artırılmasına, sənayenin şaxələndirilməsinə, yeni iş yerlərinin və əlaqəli istehsal sahələrinin yaradılmasına imkan verə bilər.
Bununla belə, emal zəncirinin bütün mərhələlərinin ölkə daxilində yaradılması hər bir yataq üzrə ayrıca iqtisadi əsaslandırılmalıdır. Ehtiyatların həcmi və keyfiyyəti, investisiya və enerji tələbatı, logistika imkanları, texnoloji hazırlıq və dünya bazarındakı tələbat nəzərə alınmaqla optimal emal səviyyəsi müəyyən edilməlidir. Bu baxımdan, əsas məqsəd resursların yalnız xammal kimi ixracından daha yüksək əlavə dəyərli məhsulların istehsalına mərhələli keçidin təmin edilməsi olmalıdır", - geolog vurğulayıb.
R. Kərimov ölkədə uzun illər ərzində müxtəlif tədqiqat və kəşfiyyat işləri nəticəsində formalaşmış geoloji məlumatların vahid rəqəmsal sistemdə toplanmasının, sistemləşdirilməsinin və məkan məlumatları ilə əlaqələndirilməsinin geoloji potensialın daha səmərəli qiymətləndirilməsinə imkan verəcəyini düşünür.
"Azərbaycanda vahid elektron geoloji informasiya bazasının yaradılması məqsədəuyğun və zəruri addımdır. Belə sistem əvvəlki tədqiqat nəticələrinin təkrar istifadəsini təmin etməklə geoloji-kəşfiyyat işlərinin səmərəliliyini artırmağa, perspektiv sahələrin müəyyənləşdirilməsini sürətləndirməyə, investisiya qərarları üçün məlumat təminatını yaxşılaşdırmağa və yer təkinin idarə olunmasında şəffaflığı artırmağa imkan verə bilər.
Bu baxımdan, yaradılacaq bazanın yalnız mövcud sənədlərin elektron arxivləşdirilməsi ilə məhdudlaşmaması, geoloji, geofiziki, geokimyəvi, hidrogeoloji və digər məlumatların vahid GIS platformasında inteqrasiyasını, mütəmadi yenilənməsini və aidiyyəti dövlət informasiya sistemləri ilə əlaqələndirilməsini təmin etməsi daha məqsədəuyğun olardı", - laboratoriya müdiri əlavə edib.










