
Hüquqinfo.az bildirir ki,
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ölkənin siyasi dairələrində ABŞ-la münasibətlərin gələcəyinə dair fikir ayrılıqları olduğunu etiraf edib.
“Tasnim”-in xəbərinə görə, Məhəmməd Baqir Qalibaf ABŞ-la qarşıdurmada məntiqli, rasional hərəkət etmək və İran xalqının iradəsini qarşı tərəfə qəbul etdirmək lazım olduğunu vurğulayıb.
“Lakin təəssüf ki, ölkənin siyasi dairələrində iki strateji səhv mövcuddur və onların hər ikisi gerçəklikləri düzgün qiymətləndirmir. Birincisi, müharibədən danışan, lakin onun uğurla başa çatdırılması üçün heç bir perspektiv və mexanizm təklif etməyən yanaşmadır. Bu yanaşma hər cür qarşılıqlı əlaqə və diplomatiyanı rədd etməklə, faktiki imkanları nəzərə almadan ölkəni tükənməyə və sonsuz müharibəyə doğru aparır. Bunun əks tərəfində isə milli potensialı kiçik qiymətləndirmək səhvinə yol verən bir cərəyan dayanır. Bu cərəyan İranı zəif hesab edir və qorxu yaymaqla təslim olmağı, düşmənin birtərəfli şərtlərini qəbul etməyi təklif edir. Birinci səhv ölkəni daimi böhran vəziyyətində saxlayır, ikinci səhv isə milli resursları və milli ləyaqəti düşmənə təqdim edir. Hər iki yanaşma düşmənin ölkənin birlik və həmrəyliyini pozmaq istəyini həyata keçirir. Həm mübarizə aparmaq, həm də danışıqlar lazımdır. Yəni zəruri anda malik olduğumuz bütün hərbi imkanlardan tam istifadə edərək düşməni geri çəkilməyə məcbur etməliyik. Lakin döyüş meydanında mühüm qələbə qazandığımız və düşmənin zəiflədiyi vaxt diplomatik vasitələrdən istifadə edərək əldə etdiyimiz üstünlükləri möhkəmləndirməliyik ki, düşmənə məğlubiyyət yaşatmaqla yanaşı, öz güc amillərimizi də gücləndirərək çəkindirmə mərhələsinə çataq.Bu gün diplomatik müstəvidə də mövqelərimiz tamamilə aydın, rasional və müzakirə mövzusu olmayan məsələlərdir. Mesajların çatdırılması və şərtlərimizin izah edilməsi vasitəçilər yolu ilə qarşı tərəfə açıq şəkildə çatdırılıb. Düşmən yaxşı bilir ki, aldatma və birtərəfli tələblərin qəbul etdirilməsi yolu bağlanıb. Bu şərtlər yerinə yetirilməyənədək, İran xalqının qanuni hüquqları tanınmayana və amerikalıların öhdəlikləri icra olunmayana qədər əvvəlki danışıqlar şəraitinə qayıtmaq və Hörmüz boğazını açmaq üçün heç bir imkan olmayacaq”, - deyə İran parlamentinin sədri qeyd edib.
Məhəmməd Baqir Qalibaf deyib ki, bu gün Qərbi Asiyada köhnə Amerika nizamı çöküb və yeni nizamı məhz regionun İslam ölkələri formalaşdırmalıdır.










