
Hüquqinfo.az bildirir ki,
2023-cü il sentyabrın 19-da Qarabağda başlayan lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixində sadəcə növbəti hərbi əməliyyat deyil, onilliklər davam edən münaqişənin yaratdığı hərbi-siyasi reallığın aradan qaldırıldığı həlledici mərhələ oldu. Bir sutkadan da az davam edən əməliyyat nəticəsində Azərbaycan özünün bütün suveren ərazisində konstitusiya quruluşunu bərpa etmək imkanı qazandı. Buna görə də 19–20 sentyabr hadisələrinin tarixi əhəmiyyəti yalnız döyüş meydanında əldə edilən nəticələrlə ölçülmür. Əməliyyat 2020-ci ilin Vətən müharibəsində bərpa olunan ərazi bütövlüyünün dövlət suverenliyinin tam təmin olunması ilə tamamlanması baxımından xüsusi məna daşıyır.
Əslində, 2023-cü ilin sentyabrına aparan yol daha əvvəl başlamışdı. Azərbaycan uzun illər Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə çalışsa da, nəticə əldə edilmədi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılması ilə bağlı tələblər yer alsa da, münaqişənin siyasi həlli onilliklər ərzində mümkün olmadı. ATƏT-in Minsk qrupu çərçivəsində aparılan vasitəçilik də yekun sülh sazişi ilə nəticələnmədi.
2018-ci ildə Nikol Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsindən sonra danışıqlar prosesində yeni fikir ayrılıqları yarandı. Paşinyanın danışıqların formatının dəyişdirilməsi ilə bağlı təşəbbüsləri Bakı tərəfindən mövcud danışıqlar çərçivəsindən geri çəkilmək cəhdi kimi qiymətləndirilirdi. 2019-cu ilin avqustunda onun Xankəndidə “Artsax Ermənistandır, nöqtə” bəyanatını səsləndirməsi isə qarşıdurmanın siyasi ritorikasını daha da sərtləşdirdi. Prezident İlham Əliyev həmin ilin oktyabrında Valday Forumunda buna “Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri ilə cavab verdi.
Bunun ardınca 2020-ci ilin iyulunda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində ağır döyüşlər baş verdi. Həmin hadisələrdən cəmi iki ay sonra – sentyabrın 27-də genişmiqyaslı hərbi əməliyyatlar başladı və 44 günlük Vətən müharibəsi regiondakı qüvvələr nisbətini kökündən dəyişdirdi.
Azərbaycan Ordusu Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa daxil olmaqla geniş əraziləri azad etdi. 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatına əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycana qaytarıldı. Bununla Ermənistan-Azərbaycan münaqişəsinin onilliklər ərzində formalaşmış əvvəlki hərbi reallığı aradan qalxdı.
Lakin 10 noyabr Bəyanatı müharibəni dayandırsa da, Azərbaycanın qarşısında duran bütün təhlükəsizlik məsələlərini həll etmədi. Qarabağda silahlı birləşmələrin və separatçı idarəetmə strukturlarının mövcudluğu davam edirdi. Bakı 10 noyabr Bəyanatının 4-cü bəndinə istinad edərək Ermənistan silahlı qüvvələrinin ərazidən tam çıxarılmasını tələb edirdi.
2020–2023-cü illərdə Azərbaycan mərhələli şəkildə Qarabağ və Şərqi Zəngəzurda hərbi-strateji mövqelərini möhkəmləndirdi. Bu baxımdan Fərrux istiqamətində baş verən hadisələr, 2022-ci ilin avqustunda keçirilmiş “Qisas” əməliyyatı və bir sıra strateji yüksəkliklərin Azərbaycan Ordusunun nəzarətinə keçməsi mühüm mərhələlər idi.
“Qisas” əməliyyatı zamanı Qırxqız yüksəkliyi, Sarıbaba və Qarabağ silsiləsi boyunca bir sıra mühüm hakim yüksəkliklər nəzarətə götürüldü. Bununla Azərbaycan Ordusunun əməliyyat imkanları genişləndi və bölgədə hərbi vəziyyət üzərində nəzarət daha da gücləndirildi.
Bu dövrdə Laçın yolu ətrafında yaranan vəziyyət də Bakı ilə İrəvan arasında əsas fikir ayrılıqlarından birinə çevrilmişdi. Yol Qarabağda yaşayan erməni sakinlərin Ermənistanla əlaqəsinin təmin edilməsində istifadə olunurdu. Azərbaycan isə bu marşrutdan hərbi təyinatlı daşımalar, silah-sursat və minaların gətirilməsi üçün də istifadə edildiyini bildirirdi. Azərbaycan tərəfi 2022-ci ildə Sarıbaba istiqamətində aşkarlanan və üzərində 2021-ci il Ermənistan istehsalı olduğunu göstərən işarələr olan minaları bu iddialarının sübutlarından biri kimi təqdim edirdi.
2023-cü il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan dövlət sərhədində sərhəd-buraxılış məntəqəsinin yaradılması vəziyyəti əsaslı şəkildə dəyişdirdi. Bununla Azərbaycan dövlət sərhədinin həmin hissəsində birbaşa nəzarəti təmin etdi. Qarabağ daxilində qanunsuz silahlı birləşmələrin mövcudluğu isə dövlət suverenliyinin bütün ərazidə tam həyata keçirilməsinin qarşısında qalan əsas maneəyə çevrilmişdi.
Məsələnin digər tərəfi Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası idi. Bakı bu prosesin Azərbaycan Konstitusiyası və qanunvericiliyi əsasında həyata keçirilməli olduğunu bildirirdi. Ermənistan isə danışıqlarda Qarabağ ermənilərinin “hüquq və təhlükəsizliyi” məsələsini qaldırırdı. Paşinyan 2023-cü ilin mayında Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazi bütövlüyünü tanıdığını, bunun Qarabağı da əhatə etdiyini bəyan etməklə yanaşı, Bakı ilə Qarabağ ermənilərinin nümayəndələri arasında dialoq mexanizminin yaradılmasını müdafiə edirdi.
Bu fonda Ruben Vardanyanın 2022-ci ildə Qarabağa gəlməsi prosesə əlavə siyasi gərginlik gətirdi. Azərbaycan rəhbərliyi Vardanyanın fəaliyyətini Qarabağın erməni sakinləri ilə birbaşa dialoqa və onların reinteqrasiyasına mane olan amil kimi qiymətləndirirdi. Bakı separatçı strukturun saxlanılması əvəzinə erməni sakinlərlə birbaşa təmasların qurulmasını təklif edirdi.
2023-cü ilin yayında humanitar vəziyyət məsələsi də ciddi siyasi qarşıdurma predmetinə çevrildi. Ermənistan tərəfi və Qarabağ ermənilərinin nümayəndələri bölgədə ərzaq və digər zəruri məhsulların çatışmazlığını humanitar böhran kimi təqdim edirdilər. Azərbaycan isə Ağdam-Xankəndi yolunun humanitar yüklərin çatdırılması üçün istifadəsini təklif edir və məsələnin siyasi məqsədlərlə beynəlmiləlləşdirildiyini bildirirdi.
Bu proseslər Paşinyanın Qarabağ məsələsindəki siyasi xəttində ziddiyyət kimi təqdim olunan məqamlarla müşayiət edilirdi. Bir tərəfdən Ermənistan rəhbəri Azərbaycanın ərazi bütövlüyünü Qarabağ daxil olmaqla tanıdığını açıqlamışdı. Digər tərəfdən, 2023-cü il sentyabrın 2-də Qarabağdakı separatçı qurumun qondarma “müstəqillik bəyannaməsi”nin ildönümü ilə bağlı müraciət yayması Bakının sərt reaksiyasına səbəb oldu. Ardınca separatçı qurum daxilində qondarma “prezident seçkiləri”nin keçirilməsi Azərbaycan tərəfindən ölkənin suverenliyinə qarşı addım kimi qiymətləndirildi.
Beləliklə, 2023-cü ilin sentyabrına gəldikdə paradoksal vəziyyət yaranmışdı: Ermənistan rəhbərliyi beynəlxalq səviyyədə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir, lakin Qarabağda Azərbaycan dövlətinə tabe olmayan silahlı və siyasi struktur fəaliyyətini davam etdirirdi.
Sentyabrın 19-da vəziyyət kritik mərhələyə çatdı. Azərbaycan XİN-in məlumatına görə, Əhmədbəyli-Füzuli-Şuşa yolunda mina partlayışları nəticəsində mülki şəxslər və Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları həlak oldu. Eyni zamanda Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulduğu bildirildi. Bundan sonra Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirlərinə başlanıldığı elan edildi.
Qarşıya konkret hərbi məqsədlər qoyulmuşdu: silahlı birləşmələrin döyüş imkanlarının sıradan çıxarılması, hərbi infrastrukturun zərərsizləşdirilməsi, onların tərksilah edilməsi və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpası.
Əməliyyatın miqyası ilə davametmə müddəti arasındakı fərq Azərbaycan Ordusunun həmin mərhələdə malik olduğu döyüş qabiliyyətini göstərirdi. Qarabağın mürəkkəb dağlıq relyefi, uzun illər ərzində qurulmuş istehkamlar, mövqelər və hərbi infrastruktur nəzərə alındıqda qarşıya qoyulan vəzifələrin bir sutkadan az müddətdə yerinə yetirilməsi yüksək səviyyəli kəşfiyyat, koordinasiya, dəqiq atəş və operativ idarəetmə tələb edirdi.
Müdafiə Nazirliyinin əməliyyat zamanı yaydığı məlumatlarda döyüş mövqelərinin, artilleriya vasitələrinin, zenit-raket komplekslərinin, radioelektron mübarizə vasitələrinin və digər hərbi təyinatlı obyektlərin zərərsizləşdirildiyi bildirilirdi. Sentyabrın 20-də 90-dan artıq döyüş mövqeyinin və bir sıra strateji yüksəkliklərin Azərbaycan bölmələrinin nəzarətinə keçdiyi açıqlanmışdı.
Əməliyyatın digər mühüm xüsusiyyəti hərbi hədəflərlə mülki əhalinin fərqləndirilməsi prinsipinin rəsmi şəkildə ön plana çıxarılması idi. Azərbaycan Müdafiə Nazirliyi mülki əhalinin və mülki infrastrukturların hədəf alınmadığını, yalnız legitim hərbi obyektlərin yüksək dəqiqlikli silahlarla vurulduğunu bəyan edirdi.
Qarabağın erməni sakinlərinə hərbi obyektlərdən uzaq durmaq barədə SMS-lərin göndərildiyi, səsgücləndiricilər və məlumat vərəqələri vasitəsilə xəbərdarlıqlar edildiyi bildirilirdi. Azərbaycan tərəfi eyni zamanda mülki şəxslərin təxliyəsi üçün humanitar dəhlizlərin və qəbul məntəqələrinin yaradıldığını açıqlamışdı.
Bu yanaşma əməliyyatın mahiyyətini müəyyənləşdirən əsas məqamlardan idi. Qarşıya qoyulan məqsəd Qarabağın erməni əhalisi ilə mübarizə deyil, Azərbaycan ərazisində dövlətə tabe olmayan silahlı strukturun fəaliyyətinə son qoyulması idi.
Əməliyyat çox qısa müddətdə hərbi nəticədən siyasi nəticəyə keçdi. Sentyabrın 20-də Qarabağın erməni nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətindən sonra atəşin dayandırılması barədə razılıq əldə edildi və saat 13:00-dan antiterror tədbirləri dayandırıldı.
Razılaşmanın əsas şərtləri silahlı birləşmələrin tərksilah edilməsi, döyüş mövqelərindən çıxması, silah-sursat və ağır texnikanın təhvil verilməsi idi. Beləliklə, Azərbaycan Ordusu uzunmüddətli genişmiqyaslı döyüşlərə keçmədən qarşıya qoyulan əsas hərbi məqsədə çatdı.
Bundan cəmi bir gün sonra – sentyabrın 21-də Yevlaxda Azərbaycan hakimiyyətinin nümayəndələri ilə Qarabağın erməni sakinlərinin nümayəndələri arasında görüş keçirildi. Müzakirələrin əsas mövzularından biri Qarabağ ermənilərinin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiyası, eləcə də sosial və humanitar məsələlər idi. Bu görüş həm də əvvəlki illərdə Bakı ilə yerli erməni sakinlər arasında birbaşa dialoqun qarşısında duran separatçı hərbi-siyasi strukturun artıq əvvəlki imkanlara malik olmadığını göstərirdi.
19–20 sentyabrın strateji nəticəsini də məhz burada axtarmaq lazımdır. Əməliyyatın əsas nəticəsi məhv edilmiş hərbi texnikanın və ya ələ keçirilmiş mövqelərin sayı deyildi. Əsas dəyişiklik Azərbaycan dövlət hakimiyyətinin ölkənin bütün ərazisində həyata keçirilməsinin qarşısında duran sonuncu silahlı maneənin aradan qaldırılması idi.
19–20 sentyabr əməliyyatını ayrıca hadisə kimi deyil, 2020-ci ilin payızından başlayan ardıcıl prosesin yekun mərhələsi kimi qiymətləndirmək mümkündür. 44 günlük Vətən müharibəsi işğal faktını böyük ölçüdə aradan qaldıraraq regionda yeni reallıq yaratdı. Sonrakı lokal əməliyyatlarla Azərbaycanın hərbi-strateji mövqeləri möhkəmləndirildi. Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması dövlət sərhədinə nəzarəti təmin etdi. 2023-cü ilin sentyabrında isə ölkə daxilində ayrıca silahlı strukturun fəaliyyət göstərməsi faktına son qoyuldu.
Bu ardıcıllıq Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında diplomatik və hərbi vasitələrin paralel şəkildə tətbiq edildiyi strategiyanın nəticəsi kimi qiymətləndirilə bilər. Azərbaycan bir tərəfdən Ermənistanla danışıqları davam etdirir, digər tərəfdən təhlükəsizlik və suverenlik məsələlərində öz mövqelərini mərhələli şəkildə möhkəmləndirirdi.
Paşinyanın 2019-cu ildə Xankəndidə səsləndirdiyi “Artsax Ermənistandır, nöqtə” ifadəsindən 2023-cü ildə Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazi bütövlüyünün tanınmasına qədər keçən dörd il regionda siyasi və hərbi reallığın nə dərəcədə dəyişdiyini göstərirdi. 19–20 sentyabr əməliyyatı isə bu transformasiyanın həlledici mərhələsi oldu.
Sonrakı proseslərdə Xankəndi, Xocalı, Ağdərə və digər ərazilərdə Azərbaycan dövlət idarəçiliyi bərqərar edildi. Prezident İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndidə Azərbaycan Dövlət Bayrağını qaldırması bu yeni mərhələnin əsas siyasi rəmzlərindən birinə çevrildi.
2024-cü ildə 20 sentyabrın Azərbaycanda Dövlət Suverenliyi Günü elan edilməsi də hadisənin tarixi-siyasi məzmununu dövlət səviyyəsində təsbit etdi.
Beləliklə, 19–20 sentyabr əməliyyatının ən böyük nəticəsi taktiki hərbi uğurdan daha geniş idi. 2020-ci ildə başlayan proses 2023-cü ilin sentyabrında məntiqi yekununa çatdı: Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş dövlətdən bütün ərazisində suveren hakimiyyətini faktiki həyata keçirən dövlət mərhələsinə keçdi.










