
Hüquqinfo.az bildirir ki,
Azərbaycan qlobal kritik xammal təchizatının şaxələndirilməsinə töhfə verməyi hədəfləyir.
"Hüquqinfo.az" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.
Onun sözlərinə görə, kritik mineralların etibarlı təchizatı bu gün iqtisadi təhlükəsizliyin mühüm şərtinə çevrilib:
"Enerji keçidi, elektromobillik, süni intellekt və rəqəmsal infrastruktur yeni materiallara tələbatı artırır. Qlobal gündəmdə geosiyasi gərginliklər, ixrac məhdudiyyətləri və təchizatın azsaylı mənbələrdə cəmləşməsi xüsusi narahatlıq doğurur. Beynəlxalq Enerji Agentliyinin (IEA) 2026-cı il üzrə qiymətləndirməsi göstərir ki, emal imkanlarının azsaylı ölkələrdə cəmləşməsi və qiymət dəyişkənliyi təchizat təhlükəsizliyini zəiflədir. Bu şəraitdə yeni yataqlarla yanaşı, emal güclərinə, texnologiyaya və alternativ nəqliyyat marşrutlarına investisiyalar da mühüm əhəmiyyət daşıyır".
Nazir deyib ki, Azərbaycanın yanaşması uzunmüddətli əməkdaşlığa, resurslardan səmərəli istifadəyə və qarşılıqlı faydaya əsaslanır:
"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər və strateji inkişaf sənədlərində ölkədə bu sahədə dairəvi iqtisadiyyata əsaslanan "ağıllı" biznes modellərinin yaradılması, təbii ehtiyatların dövlət-özəl tərəfdaşlığı çərçivəsində dövriyyəyə cəlb edilməsi də hədəflənib. Azərbaycan bu hədəflərin icrası üçün zəngin xammal bazasına malikdir. Bu günə kimi həyata keçirilən geoloji axtarış-kəşfiyyat işləri nəticəsində hazırda 1000-dən artıq faydalı qazıntı yatağı qeydiyyata alınıb. Xüsusilə Azərbaycanın Kiçik Qafqaz, Naxçıvan və Balakən-Zaqatala bölgələrində müəyyən edilmiş metal filizi yataqları kritik mineral xammal potensialının qiymətləndirilməsi üçün mühüm əsas yaradır. Filizçay, Xarxar, Göydağ və Dəmirli kimi yataqların müxtəlif öyrənilmə və işlənmə mərhələlərində olması hər bir layihəyə ayrıca elmi və iqtisadi yanaşma tələb edir".
Rəşad İsmayılov əlavə edib ki, həm bu geniş potensiala dair məlumatların əlçatanlığını artırmaq, həm də investisiya mühitini təkmilləşdirmək məqsədilə hazırda Dövlət Geoloji İnformasiya Fondunun məlumat bazasının rəqəmsallaşdırılması istiqamətində fəal işlər aparılır:
"Əsas prioritetimiz məhz bu cür müasir yanaşmalar və ardıcıl geoloji-kəşfiyyat işləri vasitəsilə mövcud potensialı dəqiqləşdirmək, iqtisadi cəhətdən səmərəli ehtiyatları ciddi ekoloji tələblərə uyğun şəkildə istifadəyə cəlb edərək, Azərbaycanın zəngin mineral ehtiyatları və əlverişli coğrafi mövqeyi hesabına qlobal kritik xammal təchizatının şaxələndirilməsinə mühüm töhfə verməkdir"
Nazir Azərbaycanın mineral xammal bazasında misin mühüm yer tutduğunu qeyd edərək vurğulayıb ki, elektrik şəbəkələri və enerji avadanlıqları üçün əhəmiyyətli olan bu metal üzrə həm hasilat təcrübəmiz, həm də yeni imkanlar var:
"Mis hasilatı ilə yanaşı, ölkəmizin mineral xammal bazasında kobalt və vanadium resursları, sürmə, manqan və digər potensial kritik xammal təzahürləri mövcuddur. Bu imkanların sənaye əhəmiyyətinin müəyyənləşdirilməsi üçün geoloji məlumatların dəqiqləşdirilməsi, ehtiyatların beynəlxalq standartlara uyğun qiymətləndirilməsi və emal sınaqlarının aparılması vacibdir. Bu səbəbdən geoloji məlumatların rəqəmsallaşdırılması, ehtiyatların beynəlxalq hesabatlılıq standartlarına uyğun qiymətləndirilməsi və laboratoriya imkanlarının gücləndirilməsi prioritetlərimiz sırasındadır. Əsas məqsədimiz geoloji potensialı etibarlı məlumatlarla təsdiqlənmiş investisiya fürsətlərinə çevirmək, yerli emal imkanlarını qiymətləndirmək və Azərbaycanın kritik mineral xammal üzrə dəyər zəncirlərində rolunu gücləndirməkdir".









