
Hüquqinfo.az bildirir ki,
ABŞ Prezidenti Donald Trampın administrasiyası İranla qarşıdurmanı hazırda davam edən müharibə kimi qiymətləndirmir.
Bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson “Salem News Channel”a müsahibəsində bildirib.
“Administrasiya bunu davam edən müharibə hesab etmir. Hazırda münaqişənin qalan hissəsinin həlli, xüsusilə Hörmüz boğazının gəmiçilik üçün açıq saxlanılması məqsədilə diplomatik danışıqlar aparılır”, – Conson deyib.
Nümayəndələr Palatasının spikerinin fikrincə, münaqişə yekun mərhələsinə yaxınlaşır.
“Düşünürəm ki, bu, yekunlaşmaqda olan mərhələdədir. Hesab edirəm ki, bütün bunlar tezliklə həllini tapacaq”, – o əlavə edib.
ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda döyüşlərin dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar. Lakin iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı razılaşmaların şərtlərini pozmaqda ittiham edərək genişmiqyaslı zərbələri bərpa edib.
Bundan sonra ABŞ administrasiyası İrana qarşı genişmiqyaslı hərbi gücdən istifadənin azaldılması və sanksiyalar vasitəsilə iqtisadi təzyiqin gücləndirilməsi istiqamətində addımlar atıb.










