
Hüquqinfo.az bildirir ki,
ABŞ Prezidenti Donald Trampın administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) genişmiqyaslı sanksiyalar tətbiq etməyi planlaşdırır.
"Hüquqinfo.az" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, yekun qərarın nə vaxt açıqlanacağı hələlik məlum deyil. Lakin ABŞ administrasiyasının adları açıqlanmayan rəsmilərinin sözlərinə görə, məsələ ilə bağlı yaxın bir həftə ərzində aydınlıq yarana bilər.
Nəşr qeyd edir ki, məhdudiyyətlər, xüsusilə də BCM ilə maliyyə əməliyyatlarının əksəriyyətinə şamil olunacaq. Bununla belə, sözügedən məhdudiyyətlərin tətbiqi üçün altı-yeddi aylıq möhlət veriləcək.
Belə bir addım "məhkəmənin fəaliyyətini potensial olaraq iflic edə bilər". Buna ABŞ dolları ilə əməliyyatların qadağan edilməsi və məhkəmənin qlobal maliyyə sisteminin böyük hissəsindən təcrid olunması səbəb ola bilər.
Eyni zamanda məhdudiyyətlərdən rabitə xidmətləri ilə bağlı maliyyə əməliyyatları istisna edilə bilər.
ABŞ-ın hazırkı administrasiyası artıq bir neçə dəfə BCM-yə qarşı sanksiyalar tətbiq edib. Tramp 2025-ci il fevralın 6-da məhkəmənin rəsmilərinə qarşı məhdudiyyətlərin tətbiqini nəzərdə tutan fərmanı imzalayıb.
ABŞ hökuməti BCM-ni Vaşinqton və onun müttəfiqlərinə, o cümlədən İsrailə qarşı qanunsuz hərəkətlərdə ittiham edib. Fərman amerikalılara və ya ABŞ-ın müttəfiqi olan ölkələrin vətəndaşlarına qarşı araşdırmalarda iştirak edən BCM əməkdaşlarına maliyyə və viza məhdudiyyətlərinin tətbiqinə imkan verir.









