








Hüquqinfo.az bildirir ki,
Azərbaycan millisinin Tacikistan yığması ilə yoldaşlıq görüşündə qalib gəlməsi UEFA Millətlər Liqasında Litva seçməsinə qarşı matçdan əvvəl vacib idi.
Bu barədə "Hüquqinfo.az"a açıqlamasında millinin sabiq futbolçusu İlham Yadullayev deyib.
"Qalib gəlmək sevindirici haldır. Oyunun gedişatında birinci hissə çətin alındı, hücum təşkil edə bilmirdik. Rəqib təzyiq etməyə çalışırdı. İkinci hissədə dəyişikliklər oldu. Düşünürəm ki, komanda topa nəzarət etdi, hücumlar qurdu. Oyundan olmasa da, standart vəziyyətdən fərqləndik. Tural Bayramovun qolu baxımlı alındı".
"Oyunda rotasiyalar nəzərə çarpırdı. Milli komandada ilk dəfə heyətdə yer alan yeni oyunçular oldu, debütlərini qələbə ilə qeyd etdilər. Qarşılaşmada futbolçularımızın keyfiyyəti hiss olunurdu, komandamız səviyyəcə üstün idi. Rəqib barəsində onu deyə bilərəm ki, təzyiqli futbol oynayıb, hər epizodda əzmkarlıq göstərməyə, ikili mübarizələrdən qalib çıxmağa çalışırdılar. Ən vacib məqam Litva ilə matçöncəsi qələbə qazanmaq idi və bu, milliyə motivasiya verir".
"Litva kollektivinin Gürcüstan millisi ilə yoldaşlıq görüşünü izləmişdim. Çox güclü, dinamik və fiziki cəhətdən üstün komandadır. Hətta Gürcüstan yığmasına qarşı üstün futbol oynayırdılar. Gürcülər fərdi keyfiyyət hesabına 2:0 hesabı ilə qalib gəldilər. Litva kifayət qədər yaxşı rəqibdir və düşünürəm ki, ağır oyun olacaq. Baş məşqçi Ayxan Abbasov oyunçulara motivasiya verəcək. Keyfiyyət cəhətdən futbolçularımızda üstünlük hiss olunur, bunun sayəsində lazımi nəticəni qazana bilərik".
Qeyd edək ki, Azərbaycan millisi ötən gün yoldaşlıq görüşündə 1:0 hesabı ilə qalib gəlib. Komanda növbəti matçını UEFA Millətlər Liqasında sentyabrın 27-də Litva seçməsinə qarşı keçirəcək.









