
Hüquqinfo.az bildirir ki,
Deaflimpiyaçı atıcı Əli İskəndərli Avropa çempionatında bürünc medal qazanaraq Azərbaycanın idman tarixində ilkə imza atıb.
"Hüquqinfo.az"un məlumatına görə, o, Serbiyanın Novi Sad şəhərində keçirilən yarışda buna nail olub.
Azərbaycan deaflimpiyaçı atıcıları idman tariximizdə ilk dəfə eşitmə qabiliyyəti məhdud olan idmançılar arasında atıcılıq növü üzrə Avropa çempionatında mübarizə aparırlar.
Turnirdə 10 m pnevmatik tapança növü üzrə yarışlarda təmsilçilərimiz daxil olmaqla 9 ölkə və 1 neytral komandadan ümumlikdə 21 idmançı iştirak edir.
Deaflimpiya atıcılıq idman növü üzrə baş məşqçi Rəsul Məmmədovun rəhbərliyi ilə yarışlarda iştirak edən Əli İskəndərli və Nicat Əzimov çempionatın final mərhələsinə vəsiqə əldə ediblər.
Final mərhələsində idmançılarımız Tokio 2025 Deaflimpiya Oyunlarının bürünc mükafatçısı xorvatiyalı Boris Gramnjak, həmin Oyunları 4-cü yerdə başa vurmuş digər xorvatiyalı Pervan Bruno, neytral komandanın rusiyalı təmsilçisi və Sofiya 2013 Deaflimpiya Oyunlarının bürünc mükafatçısı Boris Lazarev və digər təcrübəli idmançılarla mübarizə aparıblar.
Nəticədə idman tariximizdə eşitmə qabiliyyəti məhdud olan idmançılar arasında atıcılıq idman növü üzrə Avropa Çempionatında ölkəmiz ilk dəfə təmsil olunmasına baxmayaraq, idmançılarımız böyük uğura imza atıblar.
Avropa Çempionatının 10 m pnevmatik tapança növü üzrə yarışlarının son nəticələrinə əsasən, deaflimpiyaçımız Əli İskəndərli 3-cü, Nicat Əzimov isə 5-ci pillədə qərarlaşıblar.









