










Hüquqinfo.az bildirir ki,
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi (Absheron FFD) layihəsi yekun investisiya qərarının (FID) qəbul edilməsi mərhələsinə keçib, bununla bağlı kapital qoyuluşunun ümumi məbləği təxminən 4,2 milyard ABŞ dolları təşkil edir.
"Hüquqinfo.az" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Babək Hüseynov bildirib.
Onun sözlərinə görə, işlənmə proqramına dörd sualtı istismar quyusunun qazılması, təqribən 142 kilometr uzunluğunda çoxfazalı dəniz boru kəmərinin inşası və Səngəçal zonasında yeni emal infrastrukturunun yaradılması daxildir. FFD çərçivəsində plato (maksimum hasilat) mərhələsində qaz hasilatının həcmi ildə təxminən 4,5 milyard kubmetrə çatmalıdır. İlk təbii qazın isə 2029-cu ildə çıxrılması planlaşdırılır.
B.Hüseynov layihənin inkişafı, müqavilə ilə bağlı mürəkkəb məsələlərin tənzimlənməsi və investisiya öncəsi mərhələdə maneələrin aradan qaldırılmasında SOCAR-ın, həmçinin şirkətin "SOCAR Upstream Management International" (SUMI) bölməsinin, kommersiya və hüquq şöbələrinin vacib roluna diqqət çəkib. Bundan başqa, o, SOCAR tərəfindən təsdiqlənmiş dördüncü şərq quyusunun layihəyə daxil edilməsinin əhəmiyyətini xüsusi qeyd edib.
Sözügedən yataqda qazın hasilat göstəricisinin 60 %-dən çox olacağı proqnozlaşdırılır və bu da qlobal sənaye standartlarına uyğundur. "Bu mərhələdə vəzifəmiz tamamilə aydındır - 2029-cu ildə ilk qazın əldə edilməsinə nail olmaq. Biz "TotalEnergies" şirkətinin layihənin təhlükəsizlik normalarına riayət olunmaqla müəyyən edilmiş müddətdə və təsdiq olunmuş büdcə çərçivəsində həyata keçirilməsini təmin edəcəyini, SOCAR-ın isə lazımi dəstəyi göstərməyə davam edəcəyini gözləyirik", - B.Hüseynov vurğulayıb.










