









Hüquqinfo.az bildirir ki,
Azərbaycanda şəhərlərin inkişafı üçün planlaşdırma və investisiya çərçivəsi yaradılıb.
Hüquqinfo.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Ramil Cahangirov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən panel müzakirəsi zamanı deyib.
O bildirib ki, Azərbaycanda regionların və şəhərlərin inkişafı üçün genişmiqyaslı şəhərsalma və planlaşdırma sənədləri hazırlanıb.
Ramil Cahangirovun sözlərinə görə, proses əvvəlcə regionun ümumi planlaşdırılmasından başlayıb, daha sonra şəhərlərin, kiçik yaşayış məntəqələrinin master-planlarına və məhəllə səviyyəsində detallı planlaşdırmaya keçilib.
“Hazırlanan sənədlər şəhərlərin yol şəbəkəsinin inkişafı, ərazilərin necə və hansı ardıcıllıqla inkişaf etdiriləcəyi, ehtiyaclar və konkret yaşayış məntəqələrinin qarşılaşdığı çağırışlarla bağlı suallara cavab verir”, - o qeyd edib.
Şöbə müdiri vurğulayıb ki, bu sənədlər potensial investorlar üçün konkret regionlarda investisiya layihələrinə başlamaq üçün əsas yaradır.
Onun sözlərinə görə, Azərbaycanda artıq 3,3 milyon kvadratmetrdən çox tikinti sahəsi və 17 mindən çox yaşayış vahidi üzrə layihələr həyata keçirilir, yüz minlərlə kvadratmetr sahə isə müxtəlif layihələndirmə mərhələsindədir.
Ramil Cahangirov bildirib ki, hazırda şəhərsalma və konseptual planlaşdırma çərçivəsi ilə yanaşı, ərazidə real infrastruktur və layihələr də mövcuddur. Bunun investorlarla müzakirələrə daha konkret zəmində başlamağa imkan verdiyini deyib.








