








Hüquqinfo.az bildirir ki,
Avropa Mərkəzi Bankı (AMB) 2030-cu illərin əvvəllərindən yeni avro əsginaslarını dövriyyəyə buraxmağı planlaşdırır.
“Hüquqinfo.az” xəbər verir ki, bu barədə tənzimləyicinin rəsmi saytı məlumat yayıb.
Yenilənmiş əsginasların istifadəsi daha rahat və ekoloji cəhətdən daha təmiz olacaq. Tərtibatçılar həmçinin saxtakarlıqla mübarizə məqsədilə onlara təkmilləşdirilmiş qoruyucu elementlər inteqrasiya etməyi nəzərdə tutur.
Yeni pulların dizaynına dair yekun qərar 2026-cı ilin sonuna qədər qəbul ediləcək. Tərtibatın seçilməsində AMB-nin İdarəetmə Şurası texniki qiymətləndirməni, müstəqil münsiflər heyətinin tövsiyələrini, habelə genişmiqyaslı ictimai rəy sorğusunun nəticələrini nəzərə almağı planlaşdırır.
Dizayn variantları üzrə səsvermə iyulun 23-dən sentyabrın 21-dək keçirilib. Səsvermədə həm Avropa ölkələrindən, həm də digər dövlətlərdən 9,96 milyon nəfər iştirak edib. Tənzimləyicinin məlumatlarına görə, Avrozona daxilində əhalinin 2,6%-i bununla bağlı öz fikrini bildirib. Bu baxımdan ən böyük fəallığı gənclər göstərib. Belə ki, səsvermədə iştirak edənlərin üçdə ikisi 35 yaşdan kiçik olub.
İştirakçılara iki əsas mövzu üzrə bölünmüş on tərtibat variantı təklif edilib: “Avropa mədəniyyəti” və “Çaylar və quşlar”. Hələlik sorğunun nəticələri açıqlanmır.










