
Hüquqinfo.az bildirir ki,
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanın iki bankı – "Bank Respublika" ASC və "AccessBank" QSC-nin birləşməsi ilə bağlı əqd başa çatdıqdan sonra iştirakını davam etdirməyi planlaşdırır.
Korporasiyadan qeyd edilib ki, bu əqd Azərbaycanda kiçik biznes subyektlərinin və bank xidmətlərindən kifayət qədər yararlanmayan əhali qruplarının maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsinə ümumi sadiqliyi olan iki maliyyə institutunu birləşdirir.
IFC mütəxəssislərinin fikrincə, bu, ölkədə özəl sektorun inkişafına və yeni iş yerlərinin yaradılmasına təkan verəcək.
"Hazırda əqd hələ başa çatmayıb. IFC əqd yekunlaşdıqdan sonra da iştirakını davam etdirməyi nəzərdə tutur. Uzunmüddətli investor və inkişaf sahəsində tərəfdaş olaraq, IFC inklüziv iqtisadi artımın təşviqi, məşğulluğun artırılması üzrə öz mandatı çərçivəsində Azərbaycanın maliyyə sektoruna dəstək olmaq üçün imkanları öyrənməyə davam etmək niyyətindədir", - korporasiyadan vurğulanıb.
Bu ay "Bank Respublika" ASC-nin "Access Bank" QSC-nin səhmlərini almasını nəzərdə tutan strateji əqdin əsas şərtləri təsdiqlənib. Əqdin şərtlərinə əsasən, "AccessBank"ın hazırkı səhmdarları "Bank Respublika"nın nizamnamə kapitalının 25 %-ni təşkil edəcək yeni imtiyazlı səhmləri alacaqlar. Əqdin 2026-cı ilin noyabr ayına qədər bağlanması gözlənilir. IFC "AccessBank"da 16,56 %-lik paya sahibdir.









