
Hüquqinfo.az bildirir ki,
Qazaxıstan və Hindistan yaxın gələcəkdə qarşılıqlı ticarətin həcmini 1 milyard dollara, perspektivdə isə 3 milyard dollara çatdırmağı planlaşdırır.
"Hüquqinfo.az"un Qazaxıstan bürosunun "Kazinform"a istinadən verdiyi məlumata görə, bu barədə Hindistanın Qazaxıstandakı səfiri Saylas Tanqal bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında siyasi münasibətlər müsbət dinamikada inkişaf edir, lakin ticari-iqtisadi əməkdaşlıq hələ ki, mövcud potensiala uyğun gəlmir. Nəqliyyat əlaqəliliyi, infrastrukturun vəziyyəti və gömrük məsələləri əsas maneələr olaraq qalır.
Diplomat iki ölkənin işgüzar dairələri arasında təmasların fəallaşdığını qeyd edib.
Səfirin sözlərinə görə, Hindistanın 46 əczaçılıq şirkətindən ibarət nümayəndə heyəti Qazaxıstana səfər edib və yerli biznesin təxminən 200 nümayəndəsi ilə görüşlər keçirib. Öz növbəsində, 70 şirkətdən olan 112-yə yaxın qazaxıstanlı sahibkar Hindistanda keçirilən işgüzar forumda iştirak edib.
S.Tanqal vurğulayıb ki, Qazaxıstan Hindistana neft, uran və digər mineral ehtiyatlar tədarük edə bilər. Hindistan isə öz tərəfindən əczaçılıq məhsulları, qida məhsulları və elektronika ixracını genişləndirmək imkanına malikdir.
Hazırda Qazaxıstanda Hindistan kapitalı olan 600-ə yaxın şirkət fəaliyyət göstərir.










