
Hüquqinfo.az bildirir ki,
Bu ilin yanvar-avqust aylarında Azərbaycan iqtisadiyyatında artım dinamikası davam edib.
Hesabat dövründə ölkədə 87,7 milyard manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunması iqtisadi fəallığın və real sektorun inkişafının davam etdiyini göstərir. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 % çoxdur. İqtisadiyyatın əlavə dəyər potensialının formalaşmasında qeyri-neft-qaz sektoru yenə də əsas drayver rolunu oynayıb. Belə ki, qeyri-neft-qaz ÜDM-nin dəyəri 61,5 milyard manat təşkil etməklə ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 % artıb. ÜDM-in strukturunda qeyri-neft-qaz sənayesi istehsalının ümumi dəyəri 5,4 % artaraq 14,6 milyard manat, kənd təsərrüfatı istehsalının ümumi dəyəri 2,6 % artaraq 10,1 milyard manat, nəqliyyat və anbar təsərrüfatı xidmətlərinin ümumi dəyəri 8,7 % artaraq 10,9 milyard manat, informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 10,7 % artaraq 2,7 milyard manat təşkil edib.
Beləliklə, qeyri-neft-qaz sektorunda müşahidə olunan dinamika bir neçə istiqaməti əhatə edir: sənayedə istehsalın genişlənməsi, kənd təsərrüfatında əlavə dəyərin artması, nəqliyyat-logistika imkanlarının inkişafı və informasiya-rabitə xidmətlərinin böyüməsi.
Qeyri-neft-qaz sənayesinin mühüm istiqamətlərindən biri olan mədənçıxarma sahəsində bu ilin yanvar-avqust istehsalın ümumi dəyəri 26,9 milyard manat təşkil edib. Bu göstərici mədənçıxarma sahəsinin sənaye istehsalında əhəmiyyətli paya malik olduğunu göstərir. Sahənin inkişafı ölkənin təbii resurslarından iqtisadi dövriyyədə daha səmərəli istifadə edilməsinə, sənaye müəssisələrinin xammal təminatının gücləndirilməsinə və yeni istehsal imkanlarının formalaşmasına şərait yaradır. Eyni zamanda, mədənçıxarma sənayesində yaradılan xammal bazasının emal sənayesi ilə daha sıx əlaqələndirilməsi qeyri-neft-qaz sənayesində əlavə dəyərin artırılması və iqtisadi şaxələndirmənin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Emal sənayesi üzrə 2026-cı ilin yanvar-avqust aylarında 14,9 milyard manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib. Emal sənayesində istehsalın genişlənməsi yalnız daxili istehsal imkanlarını artırmır, həm də hazır məhsulların daxili bazara çıxarılması və ixrac imkanlarının genişləndirilməsi üçün baza yaradır. Bu baxımdan, emal sənayesində formalaşan istehsal həcminin ticarət dövriyyəsinə və xarici bazarlara çıxışa çevrilməsi qeyri-neft-qaz sektorunda əlavə dəyərin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
2026-cı ilin yanvar-avqust aylarında informasiya və rabitə xidmətlərinin 10,7 % artaraq 2,7 milyard manata çatması qeyri-neft-qaz sektorunda xidmət sahələrinin inkişaf etdiyini göstərir.
Qeyri-neft-qaz sektorunun mühüm istiqamətlərindən biri kənd təsərrüfatı sektorudur. 2026-cı ilin yanvar-avqust aylarında kənd təsərrüfatı istehsalının 2,6 % artaraq 10,1 milyard manata çatması aqrar sahənin böyüdüyünü göstərir. Kənd təsərrüfatının inkişafı emal sənayesi, qida istehsalı, logistika və ixrac imkanları ilə birbaşa əlaqəlidir. Başqa sözlə, kənd təsərrüfatında yaradılan əlavə dəyərin daha böyük hissəsinin ölkə daxilində emal olunması qeyri-neft-qaz sektorunda daha uzun və dayanıqlı dəyər zəncirlərinin formalaşmasına imkan yaradır.
Nəqliyyat və anbar təsərrüfatında 8,7 % artım da bu baxımdan diqqət çəkir. Hesabat dövründə sahənin ümumi dəyərinin 10,9 milyard manata çatması Azərbaycanın istehsal, ticarət və tranzit imkanlarının iqtisadi artımda artan rolunu göstərir. Sənaye və kənd təsərrüfatında istehsalın genişlənməsi məhsulların daxili və xarici bazarlara çıxarılması üçün daha böyük logistika imkanları tələb edir. İqtisadi fəallığın müxtəlif sahələr üzrə genişlənməsi ilə yanaşı, bu artımın makroiqtisadi sabitlik şəraitində davamlılığının təmin edilməsi də mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, maliyyə sabitliyinin qorunması da mühüm rol oynayır.
İqtisadi fəallığın digər mühüm göstəricilərindən biri isə ölkənin xarici ticarət dinamikasıdır. Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 33,2 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 3,5 % çoxdur. Xarici ticarət dövriyyəsinin 21,8 milyard ABŞ dolları ixracın, 11,4 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27,8 % artıb, idxal isə 24,1 % azalıb. Son nəticədə xarici ticarətdə 10,4 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,2 dəfə çoxdur. Xüsusilə ixracın idxaldan daha sürətli artması xarici ticarət balansının müsbət istiqamətdə dəyişməsini təmin edib. Ümumilikdə, 2026-cı ilin yanvar-avqust aylarının göstəriciləri Azərbaycanın xarici ticarətində ixracın üstün mövqeyinin daha da möhkəmləndiyini göstərir.
Beləliklə, 2026-cı ilin yanvar-avqust aylarının nəticələri Azərbaycan iqtisadiyyatında artım dinamikasının qorunduğunu və qeyri-neft-qaz sektorunun iqtisadi fəallığın əsas istiqamətlərindən birinə çevrildiyini göstərir.










