










Hüquqinfo.az bildirir ki,
CNN teleşirkəti, MS NOW telekanalı və “Politico” nəşri jurnalistlərinin Ağ Evə girişini bərpa etmək məqsədilə ABŞ Prezidenti Donald Trampın administrasiyasına qarşı məhkəmə iddiası qaldırıblar.
“Hüquqinfo.az” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə mətbuat orqanlarının birgə bəyanatında deyilir.
Bildirilir ki, bu iddia ABŞ Konstitusiyasının mətbuat azadlığını təmin edən birinci düzəlişinə əsaslanır. Üç mətbuat təşkilatı öz hüquqlarını və dövlətin mətbuatın nə dərc etdiyinə qərar verməməsi prinsipini müdafiə etmək üçün hökumətə qarşı iddia qaldırılması barədə bildiriş göndərdiklərini bəyan ediblər:
“Ağ Ev xəbərdarlıq etmədən və nəzərdə tutulmuş prosedura riayət etmədən jurnalistlərimizin akkreditasiyalarını ləğv edib. Əgər buna etiraz edilməzsə, bu, mətbuat azadlığına və ictimaiyyətin dövlət müdaxiləsindən azad, müstəqil jurnalistikaya olan hüququna təhdid yaradır”.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp CNN, MSNBC və “Politico”nun jurnalistlərinin Ağ Evə girişini qadağan edib. Tramp sözügedən mətbuat orqanlarını administrasiya haqqında yalan məlumatlar yaymaqda ittiham edib.










