
Hüquqinfo.az bildirir ki,
Bu gün Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) birgə təşkilatçılığı ilə "Toxumçuluqda yeni dövr: yerli toxum, etibarlı təminat" mövzusunda konfrans keçirilib.
"Hüquqinfo.az" xəbər verir ki, konfransda kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, FAO-nun baş direktorun köməkçisi, Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi və əməkdaşları, elmi-tədqiqat institutlarının alimləri, toxum istehsalçıları və fermerlər iştirak ediblər.
Çıxışlardan sonra konfrans işini panel sessiyalarla davam etdirib. Sessiyalar çərçivəsində aqrar sahədə yeni Dövlət Proqramı"nın milli toxumçuluğun inkişafına təsiri, ərzaq təhlükəsizliyinin təmin olunmasında toxumçuluq sektorunun rolu, qlobal yanaşmalar və beynəlxalq təcrübə, 2026-cı ildə toxum istehsalı, aprobasiya nəticələri və qarşıdakı hədəflər üzrə təqdimatlar dinlənilib. Panel müzakirələrində milli toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi, ilkin toxumçuluğun təşkili zamanı beynəlxalq təcrübədən istifadə, yüksək reproduksiyalı və sertifikatlaşdırılmış toxum istehsalının genişləndirilməsi, müasir seleksiya üsullarının və innovativ texnologiyaların tətbiqi, toxum istehsalçılarının fəaliyyətinin dəstəklənməsi və fermerlərin keyfiyyətli toxuma çıxış imkanlarının artırılması istiqamətində fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda toxumçuluq sahəsində fəaliyyəti və əldə etdiyi nəticələrlə fərqlənən toxum istehsalçılarına mükafatlar təqdim olunub.








