
Hüquqinfo.az bildirir ki,
Türkiyənin İstanbul şəhərində "İki dövlət – bir səhnə, qardaş nəğmələri: Azərbaycan gecəsi" mövzusunda mədəniyyət proqramı keçirilib.
"Hüquqinfo.az"un yerli bürosunun xəbərinə görə, proqram Azərbaycanın Türkiyədəki səfirliyin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi, İstanbulun Küçükçekmece Bələdiyyəsi, Xan Şuşinski Fondu və Xəzər Folklor, Təhsil və Araşdırma Mərkəzinin (HAZARFEM) birgə layihəsi çərçivəsində Azərbaycanın İstanbuldakı baş konsulluğunun dəstəyi ilə Sefaköy Mədəniyyət və İncəsənət Mərkəzində təşkil olunub.
Tədbirdə Azərbaycanın İstanbul şəhərindəki baş konsulu Zamin Əliyev, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Xan Şuşinski Fondunun sədri Məryəm Hüseynova, HAZARFEM-in rəhbəri Nuran Acar və Küçükçekmece Bələdiyyəsinin nümayəndələri iştirak ediblər.
Türkiyədə keçirilən "Azərbaycan İncəsənət Həftəsi" çərçivəsində təşkil olunan proqramda Azərbaycan və Türkiyənin ortaq mədəni dəyərləri musiqi və xalq rəqsləri vasitəsilə təqdim olunub.
Tədbirdə Azərbaycanın tanınmış sənətçiləri İlhamə Qasımova və İlkin Dövlətov çıxış ediblər, "Zəngəzur" Azərbaycan Xalq Rəqsləri Ansamblının ifasında rəqs nümunələri təqdim edilib.
Proqram çərçivəsində müasir rəssamların Azərbaycan rəngkarlığının müxtəlif üslub və ifadə formalarını əks etdirən əsərlərdən ibarət sərgi nümayiş olunub.









