
Hüquqinfo.az bildirir ki,
Bu gün kənd təsərrüfatı artıq yalnız torpaq, su və ənənəvi istehsal üsulları ilə müəyyən edilən sektor deyil.
"Hüquqinfo.az" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində keçirilən paneldə bildirib.
Onun sözlərinə görə, müasir kənd təsərrüfatı texnologiya, elm, məlumat, maliyyə və səmərəli idarəetmənin qovuşduğu, qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsində həyati rol oynayan bir iqtisadi fəaliyyət sahəsinə çevrilib: "Qlobal iqlim dəyişikliyi, təbii ehtiyatlar üzərində artan təzyiq, təchizat zəncirindəki dəyişikliklər və əhali artımı kənd təsərrüfatında yeni yanaşmanı zəruri edir. Əsas məqsəd sadəcə daha çox istehsal etmək deyil, mövcud resurslardan gündəlik əsasda daha səmərəli istifadə etməklə daha məhsuldar, davamlı və daha yüksək əlavə dəyər yaradan kənd təsərrüfatı sistemini və məhsullarını formalaşdırmaqdır. Azərbaycan kənd təsərrüfatı sektorunun inkişafına məhz bu rakursdan yanaşır".
Nazir vurğulayıb ki, Azərbaycanın kənd təsərrüfatı sektoru son 10 ildə diqqətəlayiq irəliləyiş nümayiş etdirib: "Reallıqda kənd təsərrüfatı məhsullarının istehsalı son dövrlərdə 38 % artıb. Balıqçılıq məhsulları istehsalı isə praktiki olaraq üç dəfə genişlənib. Azərbaycan beynəlxalq bazarlarda öz mövqeyini möhkəmləndirməklə yanaşı, bir sıra yüksək gəlirli məhsullar üzrə özünütəminetmə səviyyəsinə nail olub".









