










Hüquqinfo.az bildirir ki,
Ermənistanı öz oyunlarının qurbanına çevirməyi hədəf alan Qərb bu ölkəni şirnikləndirici vədlərlə tərəfinə çəkməyə çalışır. Belə ki, Almaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyana Hessen Sülh Mükafatı təqdim edilib. Bu mükafat ona Hessen federal torpağının parlamentində, Viesbadendə keçirilən mərasim zamanı təqdim edilib.
Mükafata gəldikdə, Paşinyana onu təqdim edənlərin məramı bəllidir - Ermənistanı nəyin bahasına olursa-olsun, Rusiyadan uzaqlaşdırmaq, onu növbəti böyük oyunların içinə salmaqdır. Yəni növbəti dəfə bu ölkədən, konkret olaraq isə onun liderindən bir alət, vasitə kimi istifadə edilməsi göz önündədir. Ermənistan hökuməti son illərdə Avropa İttifaqı ilə siyasi və təhlükəsizlik əlaqələrini genişləndirir və Nikol Paşinyanın da adıçəkilən sülh mükafatına layiq görülməsi təşkilatla əlaqələri daha da sıxlaşdırmaq, İrəvana daha da nüfuz etmək üçündür.
Nikolun çıxışına gəldikdə - yenə ənənəsinə sadiq qalıb. Populizm, həyasızlıq, özünüreklam əsas xətt kimi keçib. Az qala, özünü Azərbaycanla sülh prosesində əsas təşəbbüsçü kimi göstərməyə çalışdığı açıq görünüb. Auditoriya qarşısında ölkəsinin adından yüz ildən də artıq müddətdə Azərbaycana qarşı etdikləri soyqırımılarına, vəhşiliklərə, mənəvi və fiziki terrora görə rəsmən üzr istəməli olduğu halda, diqqəti başqa istiqamətlərə yönəldib.
Bir dəfə də olsun Azərbaycan torpaqlarını otuz ildən artıq işğal altında saxladıqlarına, yüz minlərlə insanı ev-eşiyindən didərgin saldıqlarına, ölümlərinə səbəb olduqlarına görə üzrxahlıq belə etməyib.
Əslində, tədbir iştirakçılarının da burada məsuliyyəti var. Onlar bəyan etməli idilər ki, bəli, ortada işğal faktı, milyonlarla günahsız insanın iztirabı var və bunu da həyata keçirən Ermənistandır. Elə Nikolun da bu prosesdə müəyyən rolu var.
2018-ci ildə populist şüarlar altında hakimiyyətə gələndən sonra bir dəfə də olsun sülh təşəbbüsündə olmayıb. Əgər Paşinyan həqiqətən də "sülh göyərçini" olsaydı, 2020-ci ilə qədər bunu sübut etmək üçün iki il gözəl vaxtı var idi. Baş nazirin işğal olunan torpaqları müharibəsiz əzəli sahiblərinə qaytarmaq şansı var idi və bu iki il ərzində o, bu şansdan istifadə etmədi.
Əksinə, Azərbaycana qarşı təxribatçı bəyanatları, işğal altında olan Qarabağa səfərlər etməsi ilə yadda qaldı. Azərbaycan torpaqlarına səfər edib, hətta rəqs etməklə işğala dəstək vermiş oldu.
İndi də çıxış edib sülh prosesində özünü Azərbaycan Prezidenti ilə yanaşı qoyması "utanmasan oynamağa nə var?" məsələnin tam onun boyuna biçildiyini göstərir.
Başa dəmir yumruq dəydikdən sonra həmin tədbirdə iştirak edənləri inandırmağa çalışıb ki, bölgədə gedən sülh prosesinə töhfə verib.
Paşinyan unudur ki, hakimiyyətinin elə ilk günlərində "Qarabağ Ermənistandır və nöqtə" ifadəsi ilə yadda qalıb. Sonrakı vaxtlarda o qədər azğınlaşdı ki, hətta Azərbaycan torpaqlarında, konkret olaraq Tovuzda təxribatlara rəvac verdi. Nəticədə ərazilərimiz atəşə tutuldu, hərbçilərimiz arasında şəhid olanlar oldu. İndi də ən radikal separatçı erməni dairələri etiraf edirlər ki, məhz Nikolun təxribatçı, Azərbaycana qarşı səsləndirdiyi ifadələr növbəti müharibənin başlanmasına səbəb oldu. İndi də Nikol utanmadan alman torpağında iddia edir ki, Cənubi Qafqazda sülh prosesinə töhfə verib.
Nikolun təxribatçı addımları və hərəkətləri Azərbaycanın səbr kasasını daşırdı və 2020-ci ilin sentyabrında öz suveren ərazilərində hərbi əməliyyatlara başlamağa məcbur oldu. İlk günlərdən nəyin şahidi olduq? Həmin o "qəhrəman" erməni lider Azərbaycanla danışıqlara getmək əvəzinə, elə dünya lideri qalmadı ki, onunla ünsiyyət qurmasın. İşğal altında olan Azərbaycan torpaqlarından rədd olmaq əvəzinə, hərbi əməliyyatları dayandırmaq üçün yalvarışlarını müşahidə etdik.
Azərbaycan ordusu bu yalvarışlara baxmayaraq cəmi 44 gün sürən hərbi əməliyyatlarla düşməni diz çökdürdü, onu kapitulyasiya aktına imza atmağa məcbur etdi. Nəticədə paytaxt İrəvanda etirazlar başladı. Və üç il sonra Azərbaycan bütün ərazilərində suverenliyini bərpa etdi və Qarabağda erməni separatizminə birdəfəlik son qoydu. Nikol Paşinyan hakimiyyəti yenə də ümidli idi ki, əvvəllər olduğu kimi, indi də beynəlxalq himayədarlarından hansısa dəstəyi görəcək. Əli hər yerdən üzüldükdən sonra isə sülh prosesindən dəm vurmağa başladı.
Danılmaz faktdır ki, Ermənistanla sülh prosesində bütün təşəbbüslər məhz Azərbaycan Prezidenti İlham Əliyevdən gəlib. Qonşu dövlətə yanacaq və ərzaq dolu yük vaqonlarının göndərilməsi, hətta onun beynəlxalq nəqliyyat marşrutlarına cəlb edilməsi təşəbbüsü də Azərbaycan liderindən gəlib.
Bu gün bütün dünya da etiraf edir ki, Azərbaycan-Ermənistan münasibətlərində uzun illər davam edən qarşıdurmadan sonra sülh gündəliyinin ön plana çıxması regionun siyasi tarixində mühüm mərhələdir. Bu prosesə müxtəlif paytaxtların, beynəlxalq təşkilatların və ayrı-ayrı liderlərin töhfəsi olub. Lakin sülhün hansı siyasi xəttin nəticəsində mümkün olduğunu müəyyənləşdirmək üçün emosiyalardan deyil, hadisələrin ardıcıllığından çıxış etmək lazımdır. Bu prosesin əsas siyasi təşəbbüskarı və istiqamətləndiricisi də Prezident İlham Əliyevdir.
Söhbət yalnız 2025-ci ilin avqustunda Vaşinqtonda baş verən hadisədən getmir. Həmin görüş uzun illər ərzində formalaşan siyasi və diplomatik prosesin nəticəsi idi. 8 avqust 2025-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda sülh sazişinin razılaşdırılmış mətninin paraflanmasını təsdiqlədilər.
Birgə Bəyanatda tərəflər sülhün möhkəmləndirilməsinin, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətin, kommunikasiyaların açılmasının vacibliyini vurğuladılar. Azərbaycan uzun müddət ərzində özünün əsas şərtlərini dəyişməz şəkildə irəli sürüb: ərazi bütövlüyünün və suverenliyin tanınması, dövlətlərarası münasibətlərin normallaşdırılması və münaqişənin hüquqi-siyasi nəticələrinin aradan qaldırılması. Bu yanaşma nəticə etibarilə sülh danışıqlarının da əsas çərçivələrindən birinə çevrildi.
Sonda da Nikol Paşinyanı bu mükafata layiq görənlərə bir sual vermək istərdik - Azərbaycan torpaqlarını işğaldan azad etməsəydi, Paşinyana sülh mükafatı verilərdimi? Təbii ki, yox. Və Paşinyan da bunu etiraf etməli idi. Hər kəs, o cümlədən erməni xalqı da gözəl anlayır ki, sülh prosesinin bir müəllifi var və o da Azərbaycandır. Bəzən etiraf etməsələr də dünya bilir ki, Cənubi Qafqazda sülhün bərqərar edilməsinin əsas iştirakçısı, təşəbbüskarı, eyni zamanda sülhün qorunmasının əsas təminatçısı məhz Azərbaycandır, onun lideri Prezident İlham Əliyevdir. Azərbaycan Prezidenti İlham Əliyevin də nə Paşinyanın təşəkkürünə, nə də minnətdarlığına ehtiyacı var. Azərbaycan lideri dəfələrlə bəyan edib ki, bölgədə sülh və əmin-amanlığı əsas prioritet kimi görür və mehriban qonşuluq münasibətlərinə də önəm verir.
P.S. Belə bir xasiyyət təkcə Paşinyanamı məxsusdur? Separatçıların sonuncu lideri Samvel Şaxramanyan 2023-cü il sentyabrın 28-də "DQR"-in tam ləğvi ilə bağlı sənədə qol çəkib, Azərbaycandan Ermənistana keçən kimi heç nəyə qol çəkmədiyini bəyan edib. Bir müddət Ermənistan ərazisində QHT formasında dövlət kimi fəaliyyət göstərmək istəsə də, sonradan onu elə Paşinyan özü başa salıb ki, dəmir yumruq başa yenidən dəyməmiş özfəaliyyəti bitir. Amma son günlər Ermənistan tərəfdən səslənən bəyanatlar bir atalar məsələni də yada salır – keçinin əcəli çatanda, başını çobanın çomağına sürtür...









