
Hüquqinfo.az bildirir ki,
Pop musiqisinin əfsanəsi Maykl Ceksonun ailəsinə aid çox dəyərli bir yadigar satışa çıxarılıb.
“Hüquqinfo.az” xarici mətbuata istinadən xəbər verir ki, söhbət pop kralının 1984-cü ildə anası Ketrin Ceksona “Analar günü” münasibətilə hədiyyə etdiyi klassik 1984 “Rolls-Royce Silver Spur” markalı lüks avtomobildən gedir.
Avtomobili kolleksionerlər üçün xüsusi edən əsas detallardan biri onun unikal dövlət qeydiyyat nişanıdır. Maşının üzərindəki “BWLYM” nömrəsi Maykl Ceksonun anasına olan sevgisini ifadə edən “Because We Love You Mother” (Çünki səni sevirik, ana) cümləsinin qısaltmasıdır. Bu xüsusi nömrə çərçivəyə salınmış şəkildə yeni sahibinə təhvil veriləcək.
73,400 mil (təxminən 118,000 km) yürüşü olan və mükəmməl vəziyyətdə qorunub saxlanılan ağ rəngli lüks avtomobil ilkin olaraq məşhur “Cars & Bids” hərrac platformasında nümayiş etdirilib. Hazırda isə avtomobil Los-Ancelesdəki lüks maşın salonlarından biri tərəfindən 49,035 ABŞ dolları qiymətinə təklif olunur.
Qeyd edək ki, Maykl Cekson 25 iyun 2009-cu ildə, 50 yaşında vəfat edib. Onun əşyaları hərraclarda hər zaman böyük maraq doğurur.










