
Hüquqinfo.az bildirir ki,
Azərbaycan öz ərazi bütövlüyünü təmin etdiyindən ordu quruculuğu sahəsində işlərinin aparılması, onun taktiki və strateji hərəkətləri, yeni qoşun növlərinin yaradılması, bunların təminatı, təchizatı yeni baxışlar tələb edir.
Axar.az Ölkə.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, parlamentdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat Siyavuş Novruzov “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında”, "Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihənin müzakirəsi zamanı deyib.
O vurğulayıb ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bu addımlar ardıcıl olaraq atılır:
“Ordunun yeni silah növləri və texnika ilə təmin olunması günün tələblərinə uyğun olaraq həyata keçirilir. Buna uyğun olaraq da kadrların yetişdirilməsi, peşəkar ordunun formalaşdırılmasına zərurət yaranıb. Ona görə də hərbi xidmətlə bağlı olan üç qanunda dəyişiklik edilməsi, xüsusən də hərbçilərin sosial təminat məsələlərinin daha da gücləndirilməsi nəzərdə tutulur”.
Komitə sədri hesab edir ki, indi də olmasa, gələcəkdə müxtəlif qanunlar qəbul olunmalıdır:
“Bilisiniz ki, dünyanın bir çox ölkəsində ordu NATO standartlarına uyğunlaşdırılır. Azərbaycan da NATO ilə əməkdaşlıq edir, ölkəmizin hərbçiləri alyansın 400-dən artıq proqramında iştirak edib. Bunun nəticəsi olaraq, ordu strukturunun da NATO standartlarına cavab verən struktura çevirilməsi istiqamətində addımları atılır. Artıq zamanı çatıb, müəyyən məsələlərə diqqət yetirilməlidir. Vaxtilə torpaqlarımızın 20 faizi işğal altında idi, ona görə də biz ümumi səfərbərlikdən, ümumi hərbi çağırışdan istifadə edirdik. Digər alternativ xidmətlərlə bağlı bizdə müvafiq qərarlar yoxdur.
Hesab edirəm ki, orduda üç əsas yanaşma: ümumi çağırış, alternativ hərbi xidmət və alternativ xidmət olmalıdır. Hərdən alternativ hərbi xidmətlə alternativ xidməti qarışdırırlar, bunlar tamam başqa-başqa şeylərdir. Bu üçünə keçid artıq baş verməlidir. Hazırda müqavilə əsasında peşəkar ordunun yaradılması, komando və xüsusi təyinatlılarla bağlı bu addımlar atılır. Biz tədricən alternativ hərbi xidmətə keçməliyik”.










