
Hüquqinfo.az bildirir ki,
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Danimarka Hərbi Hava Qüvvələrinin (HHQ) "Fennec" tipli helikopteri ilə bağlı insidentə görə bu ölkənin səfiri Rolf Holmbounu çağırıb.
Bildirilib ki, sentyabrın 14-də Baltik dənizinin cənub-qərb hissəsində neytral sularda Danimarka helikopterinin Rusiyanın "Soobrazitelni" korvetinə (gəmi) qarşı hərəkətləri ilə əlaqədar bu ölkəyə etiraz bildirilib.
Rusiya heyətinin dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, helikopter gəmiyə yaxınlaşıb və 50 metrə yaxın hündürlükdə havada asılı vəziyyətdə qalıb. Nazirlikdən bildirilib ki, belə hərəkətlər gəmiçiliyə təhlükə yaradır və qəzaya səbəb ola bilər.
Həmçinin vurğulanıb ki, korvetin göyərtəsindən iki siqnal raketinin atılmasından sonra helikopter manevrləri dayandırıb və ərazini tərk edib.
Rusiya XİN Danimarka helikopterinin hərəkətlərini BMT-nin Dəniz Hüququ Konvensiyasının pozulması kimi qiymətləndirdiyini bəyan edib. Moskva tərəfi, həmçinin, Baltik regionunda gərginlik şəraitində bu cür hərəkətlərin təkrarlanmasının eskalasiyaya və ciddi insidentə gətirib çıxara biləcəyi barədə xəbərdarlıq edib.










