
Hüquqinfo.az bildirir ki,
Paytaxt yollarında bəzi minik avtomobillərinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması marşrut avtobuslarının yol-nəqliyyat hadisələrinin iştirakçısı olmasına səbəb olur.
Axar.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
"Müşahidə kameralarının qeydə aldığı belə qəzaların bir neçəsinin təhlili onu deməyə əsas verir ki, bəzi hallarda sürücülər içərisi sərnişinlə dolu olan avtobusların zolağına qəfil daxil olur, düzgün ara məsafəsi saxlamır və diqqətsizlik etməklə qəza törədirlər.
Baş verən yol-nəqliyyat hadisəsi nəticəsində sərnişinlərin həyatı üçün təhlükəli vəziyyət yaranmaqla yanaşı, onlar düşürdülür, qəza iştirakçısı olan avtobus hərəkətdən kənarda qalır, marşrut üzrə hərəkətin bərpası üçün isə əvəzedici avtobusun təmin edilməsinə ehtiyac yaranır. Beləliklə, bir sürücünün yol hərəkəti qaydalarına məsuliyyətsiz yanaşması nəticəsində onlarla sərnişin həm təhlükə və stress yaşayır, həm də əlavə vaxt itkisi ilə üzləşir", - məlumatda bildirilib.
NİİM sürücüləri marşrut avtobuslarına münasibətdə daha diqqətli olmağa, təhlükəsiz ara məsafəsi saxlamağa, avtobusların hərəkət zolağına qəfil daxil olmamağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır.










