
Hüquqinfo.az bildirir ki,
“XXI əsrdə dünyanın hər yerində məktəblər rəqəmsallaşdığı halda, Ləj kənd məktəbi sanki keçmiş əsrdə ilişib qalıb”.
Bu şikayətlə “Hüquqinfo.az”ya Lənkəran rayonu Natiq Aslanov adına Ləj kənd tam orta məktəbində övladı təhsil alan valideyn Günel Rzayeva müraciət edib.
Onun sözlərinə görə, məktəbdə şagirdlərin təhsil alması üçün heç bir şərait yoxdur: “Hansını sayım, bilmirəm. Bu məktəb Milli Qəhrəmanımız Əsgər Əliyevin oxuduğu müəssisədir. Amma akt zalı, idman zalı, texnologiya otağı yoxdur. Hər şeyi keçdik, məktəbin yeməkxanası da standartlara cavab vermir. Sinif otaqlarında işıqlandırma zəifdir. Sanitar qovşağını heç demirəm belə...
Bununla yanaşı hərbi hazırlıq və çağırışaqədərki hazırlıq otağı da mövcud deyil. Bu səbəbdən şagirdlərə vətənpərvərlik ruhunun, ilkin hərbi biliklərin aşılanması formal xarakter daşıyır. Şagirdlər idman dərsini də ya torpaq sahədə, ya da sinif otaqlarında keçməyə məcbur edilirlər. Məktəbdə elektron lövhə belə yoxdur. Şagirdlər müasir təhsil imkanlarından məhrum edilib. Təhsil ocağı yox, baxımsız bina görüntüsü yaranıb”.
Şikayətçi həmçinin qeyd edib ki, bu problemlər arasında ən təhlükəli məqam məktəbin ərazisini əhatə edən çəpərin tamamilə yararsız vəziyyətdə olmasıdır: “Ümumiyyətlə məktəb baxımsız vəziyyətdədir. Belə çıxır ki, istənilən şəxs rahat şəkildə məktəb ərazisinə daxil ola bilər. Bu isə həm müəllimlərin, həm də şagirdlərin təhlükəsizliyi üçün ciddi riskdir. Sabah xoşagəlməz hadisə baş versə, bunun məsuliyyətini kim daşıyacaq? “Niyə kənd uşaqlarının hansı şəraitdə təhsil alması məsul şəxsləri maraqlandırmır? Aidiyyəti qurumlara bununla bağlı müraciət etmişik, amma nəticə yoxdur”.
Məsələ ilə bağlı Lənkəran Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, sözügedən məktəb 2023–2024-cü illərdə təmir-bərpa işləri həyata keçirib: “Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təchiz olunması, yeni təhsil müəssisələrinin tikilməsi və mövcud binaların təmiri idarənin əsas prioritet istiqamətləri sırasındadır.
Hazırda idarənin tabeliyində fəaliyyət göstərən 62 təhsil müəssisəsində təmir işləri aparılır və Bilik Günündə Cəlilabad rayonunun Musalı və Kövüzbulaq kəndləri, eləcə də Lənkəran rayonunun Viyən kənd tam orta ümumtəhsil məktəbləri üçün yeni binalar tikilərək istifadəyə verilib.
Lənkəran rayonu Natiq Aslanov adına Ləj kənd tam orta ümumtəhsil məktəbində isə təmir işləri aparılıb. Belə ki, dam örtüyü yenilənib, mövcud sanitar qovşaq bərpa edilib, əlavə sanitar qovşaq inşa olunub, dəhlizlərdə döşəmə örtüyü dəyişdirilib, pəncərələr yenilənib, istilik sistemi isə tamamilə yenidən qurulub. Məktəb binasının uyğunlaşdırılmış olması səbəbindən burada ayrıca akt və idman zallarının, eləcə də bəzi ixtisaslaşmış otaqların təşkili üçün müvafiq imkanlar məhduddur.
Vuğulayırıq ki, təhsil müəssisələrində təlim-tədris prosesinin fasiləsizliyinin təmin edilməsi bizim üçün prioritetdir və bu istiqamətdə bütün zəruri addımlar atılır. Qeyd edirik ki, adıçəkilən təhsil müəssisəsinin mövcud infrastrukturunun daha da yaxşılaşdırılması üçün dəyərləndirmələr aparılır. Bildiririk ki, təhsil müəssisəslərinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir”.








