
Hüquqinfo.az bildirir ki,
Batumi şəhərində region ölkələrinin mərkəzi banklarının rəhbərlərinin iştirakı ilə beynəlxalq konfrans keçirilib.
"Hüquqinfo.az"un Gürcüstan bürosu xəbər verir ki, tədbir ölkənin Milli Bankı və "J.P. Morgan" investisiya bankının birgə təşkilatçılığı ilə baş tutub.
Konfransda 15-dən çox ölkənin, o cümlədən Azərbaycanın Mərkəzi banklarının rəhbər şəxsləri, həmçinin "J.P. Morgan", Dünya Bankı və Asiya İnkişaf Bankının nümayəndələri iştirak ediblər.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze çıxışında bu miqyasda görüşün əhəmiyyətini vurğulayıb, ölkənin iqtisadi artım göstəriciləri və maliyyə sektorunun inkişaf dinamikası barədə məlumat verib.
Onun sözlərinə görə, 2021–2025-ci illərdə Gürcüstanın real ÜDM-i orta hesabla illik 9,3 faiz, 2026-cı ilin ilk 7 ayında isə 7,9 faiz artıb.
İ.Kobaxidze, həmçinin xarici amillərin təsiri ilə avqust ayında illik inflyasiyanın 5,6 faiz təşkil etdiyini bildirib. O, 2024-cü ilin oktyabrından etibarən ölkənin valyuta ehtiyatlarının iki dəfəyə yaxın artaraq tarixi maksimuma çatdığını diqqətə çatdırıb.
Gürcüstan Milli Bankının prezidenti Natia Turnava tədbirin regional dialoqun və mərkəzi banklar arasında əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcəyini qeyd edib.
O, "J.P. Morgan"ın təşəbbüsü ilə regionda ilk dəfə təşkil olunan bu görüşün ənənəvi xarakter alacağına ümid etdiyini bildirib.








