
Hüquqinfo.az bildirir ki,
İnsanların inancından siyasi məqsədlər üçün istifadə edilməsi cəmiyyətdə parçalanma meyillərini gücləndirə bilər.
"Hüquqinfo.az"un Muğan bürosunun məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Biləsuvarda keçirilən "Dinin siyasiləşdirilməsi: çağırışlar, risklər və din xadimlərinin məsuliyyəti" mövzusunda regional konfransdakı çıxışında deyib.
Onun sözlərinə görə, Azərbaycan tarixən müxtəlif dinlərin, konfessiyaların və mədəniyyətlərin qarşılıqlı hörmət şəraitində yaşadığı ölkələrdən biridir:
"Tolerantlıq və multikulturalizm xalqımızın ictimai-mədəni düşüncəsində möhkəm yer tutur və bu gün də dövlət siyasətimizin mühüm istiqamətlərindən birini təşkil edir.
Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din münasibətləri modeli Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir. Bu siyasətin əsas nəticələrindən biri ölkəmizdə vicdan və dini etiqad azadlığının təmin olunması, dini icmaların fəaliyyətinə şərait yaradılması, dini-mədəni irsin qorunması və ibadət yerlərinin bərpasına diqqət göstərilməsidir.
Azərbaycanın dünyəvi dövlətdir. Dünyəvilik müxtəlif dini inanclara münasibətdə hüquq bərabərliyinin, vicdan azadlığının və ictimai sabitliyin təmin olunmasına xidmət edir. Eyni zamanda dini siyasi məqsədlərdən qoruyur. Din öz mənəvi mahiyyətindən uzaqlaşdırılaraq siyasi və ideoloji məqsədlər üçün istifadə edildikdə, yalnız dini mühit üçün deyil, bütövlükdə cəmiyyət üçün müəyyən risklər yaradır".
R,Məmmədov müasir dövrdə bu risklərin bir neçə əsas istiqaməti əhatə etdiyini vurğulayıb:
"Birinci risk dinin siyasi məqsədlər üçün vasitəyə çevrilməsidir. Dini dəyərlər siyasi və ideoloji maraqların təsiri altına düşdükdə dinin cəmiyyətdə birləşdirici və mənəvi rolu zəifləyir. İnsanların inancından siyasi məqsədlər üçün istifadə edilməsi isə cəmiyyətdə parçalanma meyillərini gücləndirə bilər. Ona görə də dini fəaliyyətin siyasi məqsədlərdən uzaq tutulması, inancların mənəvi və birləşdirici mahiyyətinin qorunması mühüm məsələdir.
İkinci risk dini məlumatların təhrif olunmasıdır. İnformasiya texnologiyaları dini biliklərin daha geniş auditoriyaya çatdırılması üçün böyük imkanlar yaradıb. Lakin bununla yanaşı, dini mətnlərin kontekstdən çıxarılması, ayrı-ayrı fikirlərin məqsədyönlü şəkildə fərqli təqdim olunması və yanlış məlumatların yayılması riski də artıb. Xüsusilə sosial şəbəkələrdə emosional və səthi məzmun daha sürətlə yayıla bilir. Buna görə dini mövzular barədə məlumat verərkən etibarlı mənbələrə əsaslanmaq, məsələləri düzgün kontekstdə izah etmək və məsuliyyətli yanaşmaq vacibdir.
Üçüncü risk xurafat, mövhumat və dini savadsızlıqdır. Dini biliklərin yetərli olmaması bəzi hallarda dini anlayışlarla ənənələrin, fərdi inancların və xurafatın bir-birindən fərqləndirilməsini çətinləşdirir. Nəticədə yanlış təsəvvürlər dini bilik kimi qəbul edilə və yayıla bilər. Bu baxımdan dini maarifləndirmənin gücləndirilməsi, insanlara düzgün və əsaslandırılmış biliklərin çatdırılması mühüm vəzifələrdən biridir.
Dördüncü risk din və məzhəb fərqliliyinin qarşıdurma vasitəsinə çevrilməsidir. Fərqli dini və məzhəbi yanaşmalar cəmiyyətimizin reallığıdır. Əsas məsələ bu fərqlərin qarşıdurmaya, ayrı-seçkiliyə və "biz" və "onlar" bölgüsünə çevrilməsinə imkan verməməkdir. Fərqlərimizi qorumaqla yanaşı, ümumi vətəndaşlıq həmrəyliyimizi və qarşılıqlı hörməti də gücləndirməliyik".










