
Hüquqinfo.az bildirir ki,
ABŞ administrasiyası Almaniyada olan 10 ədəd MIM-104E GEM-T idarəolunan raket-tutucusunun Ukraynaya verilməsini təsdiqləməyə hazırdır.
APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Konqresə təqdim etdiyi bildirişdə qeyd olunub.
Sənədə əsasən, söhbət “Patriot” zenit-raket kompleksləri üçün nəzərdə tutulan və daha əvvəl Almaniyanın ABŞ-dan aldığı 10 ədəd MIM-104E GEM-T raketindən gedir. Onların ümumi dəyəri 29,6 milyon dollar qiymətləndirilir.
ABŞ-dan silah alan ölkələr Vaşinqtonun razılığı olmadan həmin silahları üçüncü tərəfə ötürə bilməzlər.
“Bu transfer ABŞ-nin təhlükəsizlik sahəsində yardım məqsədlərinə uyğundur. Birləşmiş Ştatlar hökuməti siyasi, hərbi və iqtisadi amilləri, eləcə də insan hüquqları və silahlara nəzarət məsələlərini nəzərə alaraq bu transferə icazə verməyə hazırdır”, – sənəddə bildirilib.
Dövlət Departamenti qeyd edib ki, Ukrayna hava hücumundan müdafiə imkanlarını gücləndirmək məqsədilə bu raketləri əldə etmək istəyir və artıq eyni tipli sursatlara malikdir.
Bildiriş avqustun 14-də ABŞ Konqresinə təqdim edilib. Qanunvericilər müəyyən edilmiş müddət ərzində sövdələşməyə etiraz etmədikləri halda raketlərin Ukraynaya verilməsi mümkün olacaq.








