
Hüquqinfo.az bildirir ki,
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (AMQF) təşəbbüsü ilə "Qərbi Azərbaycanda Alban İrsi" adlı seminar həyata keçirilib.
"Hüquqinfo.az" xəbər verir ki, tədbirə ictimaiyyət təmsilçiləri, tarix mütəxəssisləri, arxeoloqlar və qeyri-hökumət təşkilatlarının rəhbərləri qatılıblar.
AMQF İdarə Heyətinin üzvü Zaur İbrahimli seminarın hədəfləri və iştirakçılar barəsində ətraflı məlumat təqdim edib.
O qeyd edib ki, seminarın başlıca məramı tarixin ən mühüm və strateji cəhətdən əhəmiyyətli səhifələrindən biri olan Qərbi Azərbaycandakı alban xristian irsinə diqqət yönəltməkdir:
"Təəssüflər olsun ki, 1836-cı ildə Alban Apostol Kilsəsinin çar Rusiyası tərəfindən aradan qaldırılaraq Erməni Qriqoryan Kilsəsinin idarəçiliyinə verilməsi ilə bu zəngin irsin planlı surətdə mənimsənilməsi və təhrif edilməsi prosesinə start verilib. Uzun onilliklər ərzində Göyçə, Zəngəzur, Dərələyəz və digər tarixi ərazilərimizdəki Qıpçaqvəng, Gülvəng, Qoşavəng kimi yüzlərlə alban abidəsinin yazıları məhv edilib, memarlıq strukturu dəyişikliklərə məruz qalıb və dünya ictimaiyyətinə uydurma erməni irsi olaraq sərgilənib. Biz vətəndaş cəmiyyəti qurumları kimi bu tarixi gerçəkliklərin elmi əsaslarla beynəlxalq ictimaiyyətə çatdırılmasında fəallıq göstərməliyik".
Seminarda UNEC Multikulturalizm Tədqiqat Mərkəzinin rəhbəri və AMEA-nın aparıcı elmi işçisi, professor Məhəbbət Paşayeva məruzə ilə çıxış edib.
O, Qədim Qıpçaq kəndində məskunlaşan Qıpçaqvəng monastırı, Gülvəng, Qoşavəng, Tatev kimi dəyərli alban xristian abidələri haqqında əhatəli məlumat təqdim edib, bu abidələrin memarlıq tərzinin erməni dini memarlığından kökündən fərqləndiyi elmi dəlillərlə sübut edib.
Məruzəçi vurğulayıb ki, albanlar Azərbaycan xalqının etnogenezində rol oynamış yerli etnoslardan birini təşkil edir və bu qədim xristian irsi xalqın tarixi-mədəni sərvətlərinə məxsusdur.
Tədbirdə hazırda Ermənistan ərazisində olan tarixi Azərbaycan torpaqlarının - Göyçə, Zəngəzur, Dərələyəz, İrəvan və başqa mahalların əsrlər boyu Qafqaz Albaniyasının mədəni-siyasi nüfuz sahəsində mövcud olduğu diqqətə çatdırılıb.
Seminar gedişində alban irsinə yönəlmiş mədəni vandalizm və saxtalaşdırma siyasəti ilə bağlı təfsilatlı məlumat verilib, sübutlar nümayiş etdirilib. Xüsusilə 1836-cı ildə Rus Sinodunun qərarına əsasən Alban Apostol Kilsəsinin ləğv olunaraq Erməni Qriqoryan Kilsəsinin nəzarətinə keçirilməsindən sonra arxivlərin talan edilməsi, daş üzərindəki yazıların pozulması və alban elementlərinin qriqoryanlaşdırılması prosesi konkret sənədlər vasitəsilə göstərilib.
İşğal dövründə Ağoğlan məbədindəki qədim alban stellasının qaçırılması və abidələrin bəzi hissələrinin dəyişdirilməsi kimi faktlar tədbir iştirakçılarına açıqlanıb.
Tədbirin yekununda Qərbi Azərbaycandakı alban irsinin qorunması, beynəlxalq səviyyədə ədalətli tanıdılması və tədqiqatçıların bu ərazilərdə sərbəst elmi araşdırma aparmaq imkanının təmin olunmasının vacibliyinə diqqət çəkilib.
Seminar mövzu ilə əlaqədar geniş müzakirələr və sual-cavab mərhələsi ilə yekunlaşıb.









