
Hüquqinfo.az bildirir ki,
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı fəaliyyəti standart layihələrin çərçivəsini aşır.
"Hüquqinfo.az" xəbər verir ki, bunu FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi, baş direktorun köməkçisi Viorel Qutu Bakıda keçirilən "Toxumçuluqda yeni dövr: Yerli toxum, etibarlı təminat" adlı konfransda bildirib.
Regional nümayəndə əlavə edib ki, Azərbaycan dünyada xüsusi Ölkə Tərəfdaşlıq Çərçivəsinə malik olan azsaylı ölkələrdən biridir: "FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının birinci mərhələsinin uğurları üzərində qurulan bu əməkdaşlıq həqiqətən müstəsnadır".
Onun sözlərinə görə, hər bir dayanıqlı aqrar iqtisadiyyatın mərkəzində yerli toxumçular və istehsalçılar dayanır: "Torpağın əsl qoruyucuları sizlərsiniz. Siz öz regionlarınızın bənzərsiz torpaq növlərini və mikroiqlimini yaxşı anlayır, ənənəvi bitki sortlarının qayğısına qalır və ətraf təsərrüfatların sağlam toxumlarla etibarlı şəkildə təmin olunmasını təşkil edirsiniz. Yerli toxum istehsalına sərmayə qoyuluşu yalnız kənd təsərrüfatı siyasəti deyil, həm də milli ərzaq suverenliyi, uzunmüddətli təhlükəsizlik üçün həyati vacib strategiyadır. Ölkə özünün güclü və bacarıqlı toxumçularına arxalandıqda, qlobal bazar tərəddüdlərinə və təchizat zəncirindəki problemlərə qarşı güclü davamlılıq nümayiş etdirir. Yerli toxum istehsalçılarının layiq olduqları nüfuzu və əhatə dairəsini təmin etmək üçün keyfiyyətə ciddi nəzarət sisteminin olması mütləqdir.".
V.Qutu vurğulayıb ki, məhz buna görə də FAO-nun Azərbaycandakı tərəfdaşı olan Aqrar Xidmətlər Agentliyinin nəzdindəki Mərkəzi Laboratoriyanın yenilənməsini, potesialının artırılmasını və texniki inkişafını fəal şəkildə dəstəkləyir: "Praktiki texniki yardım, müasir avadanlıqlar və standartlaşdırılmış sınaq protokolları vasitəsilə bu tərəfdaşlıq Mərkəzi Laboratoriyanı Beynəlxalq Toxum Sınaqları Assosiasiyasına (ISTA) üzvlüyə və gələcəkdə tam akkreditasiyadan keçməyə fəal şəkildə hazırlayır. ISTA akkreditasiyasının əldə edilməsi yerli toxumların təmizlik və sağlamlıq baxımından ən yüksək qlobal standartlara cavab verdiyini təsdiqləyən beynəlxalq səviyyədə tanınan keyfiyyət zəmanətidir. Azərbaycan hökuməti ilə sıx tərəfdaşlıq çərçivəsində FAO ənənəvi, kağız üzərində aparılan sahə müayinələrindən tam rəqəmsallaşdırılmış toxum approbasiyası sisteminə keçidi dəstəkləyir. Sahə müfəttişlərini müasir rəqəmsal alətlər, GIS məkan xəritəçəkmə sistemi və elektron məlumat qeydiyyatı ilə təmin etməklə kritik əməliyyat maneələrini aradan qaldırırıq".







