
Hüquqinfo.az bildirir ki,
Azərbaycanın və Türkiyənin tanınmış ictimai-siyasi xadimi, professor, hüquqşünas, mütəfəkkir, 3 dövlətin (Osmanlı dövləti, Azərbaycan Xalq Cümhuriyyəti və Türkiyə Cümhuriyyətinin) millət vəkili, yazıçı, jurnalist Əhməd bəy Ağaoğlunun və Ağaoğlular nəslinin irsini öyrənən, təbliğ edən vəqf qurulacaq.
"Hüquqinfo.az"un Türkiyə bürosuna bu barədə Əhməd bəy Ağaoğlunun nəticəsi Əhməd Ağaoğlu bildirib.
O, ulu babasının Azərbaycanda böyük təqdirlə öyrənilib təbliğ olunduğunu vurğulayaraq deyib ki, adını daşıdığı insanın və digər Ağaoğlu nəsil nümayəndələrinin həyat, iş, yaradıcılıq fəaliyyətlərinin əsas hissəsi Türkiyədə keçdiyi üçün bu ölkədə onların geniş şəkildə öyrənilməsinə və tanıdılmasına ehtiyac var:
"Babam Əhməd Ağaoğlu nə qədər Azərbaycan sevdalısı olan bir mütəfəkkirdirsə, o qədər də həyatını Türkiyənin quruculuğu üçün yaşamış aydın bir insandır. Əhməd bəy Ağaoğlunun öz əl yazısı ilə yazdığı arxiv materialları var. Düşünürəm ki, quracağımız Ağaoğlular Vəqfi həmin materialları kitab halına gətirməklə onun Türkiyədə daha çox tanınmasına müəyyən qədər töhfə vermiş olacaq, o cümlədən digər Ağaoğlular nəsil nümayəndəsinin də öyrənilməsi niyyətindəyik".
Qeyd edək ki, Əhməd Bəy Ağaoğlunun qızı Sürəyya Ağaoğlu 1928-ci ildə vəkillik lisenziyası aldıqdan sonra "Türkiyənin ilk qadın vəkili" olub, digər qızı Tezer Ağaoğlu (Taşkıran) isə oğlan məktəbinə təyin edilmiş ilk qadın müəllim olması ilə yanaşı Türkiyə Böyük Millət Məclisində (TBMM) 3 dönəm millət vəkilliyini icra edib. Oğlu Səməd Ağaoğlu TBMM millət vəkili, baş nazirin müavini, Əmək naziri, Ticarət naziri vəzifələrində çalışıb.
Əhməd Ağaoğlu deyib ki, qurulacaq vəqfin Türkiyədə çox mövzularda "ilk"lərə imza atan həm babası Əhməd bəy Ağaoğlu, həm də digər nəsil nümayəndələrinin geniş şəkildə öyrənilib, təbliğ olunmasını istəyir:
"Əslində fəaliyyətimizi yalnız Əhməd bəy Ağaoğlu ilə məhdudlaşdırmaq istəmirəm. Çünki o, Türkiyə üçün mühüm şəxsiyyət olsa da, övladları, nəvələri-atam Tekdaş Ağaoğlu, əmim Mustafa Kemal Ağaoğlu və digər nəsil nümayəndələrinin önəmli xidmətləri, keşməkeşli həyatları olub".









