
Hüquqinfo.az bildirir ki,
Türkiyədə keçmiş Milli İstehbarat Təşkilatı (MİT) əməkdaşı Kaşif Kozinoğlunun 2011-ci ildə baş vermiş şübhəli ölümü ilə əlaqədar məsələ böyüyür.
Axar.az Hüquqinfo.az-a istinadla xəbər verir ki, Silivri Baş Prokurorluğu tərəfindən aparılan istintaq faylına diqqətçəkən kadrlar əlavə edilib.
Jurnalist Atakan İrmakın məlumatına əsasən, Kozinoğlunun "Ergenekon" işi üzrə həbsdə saxlanıldığı Silivri həbsxanasında səhhətinin pisləşərək xəstəxanaya aparılmasından dərhal sonra, onunla eyni kamerada qalan Həsən Ataman Yıldırım və Həsən Atilla Uğurun görüntüləri üzə çıxıb.
Məhkəmə işinə daxil edilən videoyazılarda Kaşif Kozinoğlu, Həsən Atilla Uğur və Həsən Ataman Yıldırımın kamera daxilindəki davranışları və şübhə doğuran anlar saniyə-saniyə öz əksini tapıb.
Kozinoğlu gəzintidə olarkən Hasan Atilla Uğurun qəribə şəkildə işıqları təxminən 14 dəqiqə ərzində söndürməsi və Kozinoğlu halı pisləşib xəstəxanaya aparılan kimi onun qəhvə içdiyi stəkanı yuması diqqətdən yayınmayıb.
Kadrlara əsasən, Həsən Atilla Uğurun ümumi istifadə sahəsinə düşərək işıqları söndürdüyü, məkanın təqribən 14 dəqiqə qaranlıqda qaldığı və daha sonra işıqların yenidən yandırıldığı müəyyən edilib.
Bu vaxt Kaşif Kozinoğlu ilə Həsən Ataman Yıldırımın həyətdə gəzişdikləri görülüb. İşıqlar yandırıldıqdan sonra Hasan Atilla Uğurun hamam və mətbəx hissəsinə girib-çıxdığı, ardınca masaya əyləşərək yemək yediyi kameralara düşüb.
İstintaq dosyesindəki qeydlərə əsasən, saat 18:57:10-da Həsən Ataman Yıldırım yerindən qalxıb yuxarı mərtəbəyə çıxıb. 18:57:20-də 5 nömrəli otağa daxil olan Yıldırım, 18:57:31-də oradan çıxaraq Kaşif Kozinoğluna məxsus 4 nömrəli otağa keçib. 18:57:49-da otaqdan çıxıb pilləkənlərin başına gələn Yıldırım, bir neçə pillə endikdən sonra dayanıb və bir müddət orada ləngiyib.
Daha sonra yenidən 4 nömrəli otağa qayıdan Yıldırım, 18:58:20-də sağ əlində ağ rəngli bir əşya ilə otaqdan ayrılıb. Aşağı mərtəbəyə düşən Yıldırımın Həsən Atilla Uğurun yanına gələrək mətbəxə doğru getdiyi müşahidə olunub.
Videoyazılarda ən çox diqqət çəkən məqam Kaşif Kozinoğlunun vəziyyəti pisləşib xəstəxanaya yerləşdirilməsindən dərhal sonra baş verən hadisədir. Kozinoğlunun kamerasına daxil olan Həsən Atilla Uğurun ona aid qəhvə stəkanını yuması zəhərlənmə şübhələrini daha da artırıb. Baş Prokurorluq əldə edilən bu vacib kamera qeydləri üzərində araşdırmalarını davam etdirir.










