
Hüquqinfo.az bildirir ki,
Avropa dizel yanacağının tədarükündəki fasilələrə qarşı dünyanın ən həssas regionlarından biridir, çünki əhəmiyyətli dərəcədə dizel idxal edir və qış mövsümü ərəfəsindədir.
"Hüquqinfo.az"un Avropa bürosu xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol Dublində Avropa İttifaqının enerji nazirlərinin qeyri-rəsmi görüşü başlamazdan əvvəl jurnalistlərə açıqlamasında bildirib.
"Söhbət dizel yanacağından gedirsə, Avropa ən həssas regionlardan biridir", - Birol deyib.
Onun sözlərinə görə, Avropaya ənənəvi dizel yanacağı tədarükçüləri hazırda çətinliklərlə üzləşirlər, bununla belə Avropanın idxal etdiyi dizelin təxminən yarısı ABŞ-nin payına düşür.
F.Birol qeyd edib ki, IEA bazarı, xüsusilə neft məhsulları bazarını diqqətlə izləyir və qiymətlərə təzyiqin daha da artacağı təqdirdə üzv dövlətlərlə zəruri tədbirləri müzakirə etməyə hazırdır.
O, həmçinin deyib ki, IEA ABŞ-nin bu növ yanacağın ixracına mümkün məhdudiyyətlər tətbiq etməsi fonunda vəziyyəti təkcə Avropa ölkələri ilə deyil, həm də Avropaya dizel yanacağı tədarük edən dövlətlərlə müzakirə edir.
Agentlik üzv ölkələrə onların öz maraqlarını, eləcə də müttəfiqlərinin və tərəfdaşlarının maraqlarını nəzərə almaqla tövsiyələr verir. Birol qeyd edib ki, bu məsləhətləşmələr həm dizelə, həm də mayeləşdirilmiş və təbii qaz bazarlarına aiddir.










