
Hüquqinfo.az bildirir ki,
Avropa İttifaqı (Aİ) bu il əvvəlki həcmdə enerji idxalına baxmayaraq, enerji üçün artıq 100 milyard avrodan çox əlavə vəsait xərcləyib. Avropa Komissiyasının (AK) qiymətləndirməsinə görə isə qarşıdan gələn qış çətin ola bilər.
"Hüquqinfo.az"un Avropa bürosu xəbər verir ki, bu barədə Avropa komissarı Dan Yorgensen Dublində Aİ-nin enerji nazirlərinin qeyri-rəsmi görüşü başlamazdan əvvəl jurnalistlərə açıqlamasında bildirib.
"Bu il enerji tədarükünə görə əlavə olaraq artıq 100 milyard avrodan çox pul ödəmişik, halbuki bunun müqabilində nə əlavə qaz, nə də neft almışıq", – deyə Aİ-nin energetika üzrə komissarı bildirib.
Onun sözlərinə görə, vəziyyət Aİ-nin xarici mənbələrdən asılılığının nə dərəcədə qeyri-sabit olduğunu göstərir. İttifaq Rusiya enerji resurslarından asılılığını əhəmiyyətli dərəcədə azalda bilib, lakin dünya bazarında qiymət artımına qarşı hələ də həssasdır, bu da istehlakçılara və sənayeyə təsir göstərir.
"Mənim üçün nəticə çox aydındır: biz bu asılılıqdan qurtulmalıyıq", - komissar deyib.
Onun sözlərinə görə, idxal olunan qazıntı yanacağı Avropada istehsal edilən bərpa olunan enerji və elektrik enerjisi ilə əvəz edilməlidir. Bununla əlaqədar olaraq, AK bu ilin əvvəlində elektrikləşdirmə üzrə fəaliyyət planı təqdim edib, hazırda isə elektrik şəbəkələri sahəsində tədbirlər paketi ilə bağlı Avropa Parlamenti və Aİ Şurası ilə danışıqlar aparır.
ABŞ-nin dizel yanacağı ixracına ehtimal olunan qadağası ilə bağlı sualı cavablandıran Yorgensen bildirib ki, o, amerikalı həmkarı Kris Rayta belə bir tədbirin nə ABŞ-nin, nə də Aİ-nin maraqlarına cavab vermədiyi barədə "çox aydın siqnal" verib.
"Bu çətin dövrlərdə enerji daşıyıcılarının mümkün qədər sərbəst axınına malik olmaq hər kəsin marağındadır", - o bildirib və əlavə edib ki, Rayt özü də belə bir qadağanı dəstəkləmir və bu barədə ictimaiyyətə açıqlama verib.









