
Hüquqinfo.az bildirir ki,
Rusiya ordusu Kiyevə və Ukraynanın digər şəhərlərinə müntəzəm olaraq kütləvi zərbələr endirməkdə davam edirlər. Artıq oktyabr ayına qədər paytaxtda ərzaq və su təchizatı sistemlərinin, eləcə də kanalizasiya sisteminin fəaliyyətinin pozulacağı ilə bağlı narahatlıqlar var.
Adı açıqlanmayan Qərb diplomatı jurnalistlərə bildirib ki, Kiyev hələ bu il “çökə bilər”. Ukraynalı bir məmur isə jurnalistlərlə söhbətində oktyabr ayına qədər “mütləq cəhənnəm” gözlədiyini deyib.
“Onlar (Rusiya işğalçıları – red.) Kiyevi əzab içində saxlayacaqlar. Yorğunluqdan, tükənmişlikdən və digər amillərdən istifadə edərək faciəyə səbəb olmağa çalışacaqlar”, – deyə ukraynalı məmur bildirib.
Nəşr qeyd edir ki, Kiyevdə hava həyəcanı siqnalları zamanı mağazalar gündə bir neçə dəfə bağlanır. İctimai nəqliyyatın fəaliyyətini dayandırması isə sərnişinləri çətin vəziyyətdə qoyur. Məktəblər uşaqları evə göndərir və ya dərsləri yeraltı sığınacaqlara köçürürlər. Bu vəziyyət valideynləri uşaqlarını Ukraynanın qərb bölgələrinə, hətta xaricə göndərmək imkanını müzakirə etməyə vadar edir.
Jurnalistlər vurğulayırlar ki, ölkəni tərk edən hər bir ailə onsuz da ciddi şəkildə azalmış vergi bazasını və əmək qüvvəsini daha da zəiflədir. Hazırda təxminən 1 milyon insan hərbi xidmətdədir və təxminən eyni sayda insan hərbi xidmətə çağırışdan yayınmaq üçün gizlənir.
Bundan əlavə, diplomatik səylər hərbi əməliyyatları dayandıra bilməyib. Nəşrin mənbələrinin sözlərinə görə, ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Moskva və Kiyevə səfərləri zamanı Rusiya və Ukrayna tərəfləri ilə məhdud texniki razılaşma təklifini müzakirə ediblər.






