
Hüquqinfo.az bildirir ki,
Ankara Universitetində təhsil alan Azərbaycandan olan tələbələrin ixtisas seçimi kifayət qədər balanslıdır.
Bunu "Hüquqinfo.az"un Türkiyə bürosuna açıqlamasında Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar deyib.
Onun sözlərinə görə, Azərbaycanda itkin düşmüş şəxslərlə bağlı oktyabrın 7-10-da keçiriləcək beynəlxalq konfransda rəhbəri olduğu universitetin mütəxəssisləri də iştirak edəcəklər:
"Qeyd edim ki, Ankara Universitetinin antropoloqları artıq Azərbaycanın Qarabağ bölgəsində məhkəmə antropologiyası və arxeologiyası sahəsində mühüm əməkdaşlıq layihələri icra edirlər. Bu tədqiqatların əsas koordinasiyası Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu ilə birgə həyata keçirilir. Konfrans çərçivəsində xüsusilə Qarabağın azadlığı uğrunda savaşda əsir, girov və itkin düşmüş şəxslərin axtarışı, müəyyənləşdirilməsi istiqamətində görülən işlər müzakirə ediləcək, bir sıra aktual məsələlər diqqət mərkəzinə gətiriləcək və bu sahədə beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi imkanları dəyərləndiriləcək".
N.Ünüvar Azərbaycanla Türkiyə arasında təhsil sahəsində əməkdaşlığa da toxunaraq Ankara Universitetinin Azərbaycanın üç ali təhsil müəssisəsi - Texniki (AzTU), Memarlıq və İnşaat (AzMİU) və Tibb (ATU) universitetləri ilə ikili diplom proqramlarını aktiv şəkildə həyata keçirdiyini bildirib:
"Azərbaycanla təhsil sahəsində əməkdaşlığımız davamlı şəkildə genişləndirilir. Hazırda Azərbaycanın bu universitetləri ilə kompüter mühəndisliyi, memarlıq və tibb ixtisasları istiqamətlərində ortaq diplom proqramlarımız icra olunur. Ötən tədris ilində AzTU ilə birgə ilk məzunlarımızın buraxılışı oldu. Azərbaycana səfərimiz zamanı təhsil sahəsində əlaqələrin gücləndirilməsi məqsədilə müxtəlif görüşlər keçirməyi də nəzərdə tuturuq".
O, Ankara Universitetində təhsil alan Azərbaycandan olan tələbələrin mühəndislik, tibb və hüquq ixtisaslarına daha çox maraq göstərdiklərini vurğulayıb: "Bununla belə, universitetimizdəki azərbaycanlı tələbələrin ixtisas seçimi kifayət qədər balanslıdır".



