
Hüquqinfo.az bildirir ki,
Bildirilib ki, Vəkillər Kollegiyasının təşkilatçılığı ilə 8–11 oktyabr 2026-cı il tarixlərində Bakıda keçiriləcək Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) payız konfransında ("EYBA Autumn Conference 2026") yerli vəkil və hüquqşünasların iştirakı üçün qeydiyyat başlayıb.
Konfrans çərçivəsində Avropanın müxtəlif ölkələrindən gənc vəkillər, hüquqşünaslar və hüquq sahəsinin digər nümayəndələri Bakıda bir araya gələcəklər. Tədbirin əsas mövzularını süni intellekt, məlumatların mühafizəsi və rəqəmsal hüquqlar sahəsində baş verən son yeniliklər, habelə müxtəlif yanaşmalar təşkil edəcək. Həmçinin konfrans iştirakçılar arasında fikir və təcrübə mübadiləsi, eləcə də beynəlxalq peşəkar əlaqələrin genişləndirilməsi üçün imkan yaradacaq.
Konfrans tamamilə ingilis dilində keçiriləcək. İştirak ödənişlidir və qeydiyyatdan keçən şəxslərə iştirak haqqı və ödəniş qaydası barədə məlumat elektron poçt vasitəsilə təqdim olunacaq.
Qeyd edək ki, EYBA təşkilatı Avropanın gənc vəkillərini bir araya gətirən qeyri-kommersiya qurumudur. Assosiasiya 23 may 1993-cü ildə Çex Respublikasının paytaxtı Praqa şəhərində yaradılıb və Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən gənc vəkillər və vəkil qurumları üçün vahid əməkdaşlıq platforması kimi çıxış edir. Hazırda EYBA 200 mindən çox gənc vəkil və vəkil qurumlarını təmsil edir.
Assosiasiyanın fəaliyyətinin əsas istiqamətlərini gənc vəkillərin peşəkar inkişafının dəstəklənməsi, onların beynəlxalq əlaqələrinin genişləndirilməsi, təlim və təcrübə mübadiləsinin təşkili, habelə demokratiya, insan hüquqları, ədalət mühakiməsinə çıxış və qanunun aliliyi kimi fundamental prinsiplərin təşviqi təşkil edir.






