










Hüquqinfo.az bildirir ki,
İsmayıllı rayon prokurorluğunun inzibati binasında "Ətraf mühitin mühafizəsində hüquqi mexanizmlər və prokurorluğun rolu" mövzusunda seminar keçirilib.
"Hüquqinfo.az"un Yuxarı Şirvan bürosu xəbər verir ki, seminarda ətraf rayonlarda fəaliyyət göstərən prokurorluq orqanlarının əməkdaşları, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və media subyektlərinin nümayəndələri, eləcə də ictimai fəallar iştirak ediblər.
Tədbirdə ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun təmin olunması, ekoloji hüquq pozuntularının qarşısının alınması, mövcud hüquqi mexanizmlərin səmərəli tətbiqi, prokurorluq orqanlarının bu sahədə fəaliyyəti, habelə aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
İsmayıllı rayon prokuroru Tural Yusifov tədbirdəki açılış nitqində ətraf mühitin mühafizəsinin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edərək, ekoloji qanunvericiliyin tələblərinə əməl olunmasının, təbii sərvətlərdən qanuni və səmərəli istifadənin təmin edilməsinin, ətraf mühitə vurulan ziyanın qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində hüquqi tədbirlərin görülməsinin əhəmiyyətindən danışıb.
Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov ekoloji məsələlərin ictimaiyyətə çatdırılmasında medianın rolundan bəhs edərək, ətraf mühitin mühafizəsi sahəsində baş verən hüquq pozuntuları barədə məlumatların operativ, obyektiv və düzgün təqdim edilməsinin, media subyektləri ilə prokurorluq orqanları arasında səmərəli əməkdaşlığın və ekoloji maarifləndirmənin vacibliyini diqqətə çatdırıb.
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Vüsal Süleymanov isə çıxışında ekoloji təhlükəsizliyin təmin olunması sahəsində cinayət təqibindən kənar prokuror nəzarətinin imkanlarına toxunaraq, ətraf mühitin mühafizəsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının vaxtında müəyyən edilməsi, belə halların qarşısının alınması, ekoloji risklərin aradan qaldırılması və təbii sərvətlərdən istifadənin qanuniliyinin təmin olunması istiqamətində prokurorluğun həyata keçirdiyi tədbirlər barədə məlumat verib, bu sahədə aidiyyəti dövlət qurumları ilə qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulayıb.
Seminar çərçivəsində ətraf mühitin mühafizəsi sahəsində hüquqi tənzimləmə, ekoloji qanun pozuntularının müəyyən edilməsi və hüquqi qiymətləndirilməsi, təbii sərvətlərdən istifadəyə dair tələblərin pozulması hallarının qarşısının alınması, həmçinin prokurorluq orqanlarının bu sahədə həyata keçirdiyi tədbirlər barədə fikir mübadiləsi aparılıb.










