
Hüquqinfo.az bildirir ki,
Qanunvericiliklə nəqliyyatın hərəkətinin tənzimlənməsi ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin bu və ya digər səlahiyyəti müəyyən edilməyib.
Bunu Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri Xanlar Ağalarov "Hüquqinfo.az" İnformasiya Agentliyi və "ARB" telekanalına geniş müsahibəsində deyib.
Onun sözlərinə görə, İdarənin üzərinə düşən məsələ hər kəsin təhlükəsizliyi üçün bu hərəkətin qaydalı təşkili istiqamətində düzgün davranışın intuitiv və daha asan olması üçün şəraitin yaradılmasıdır.
"İlk növbədə, ərazidə müxtəlif məlumatlandırıcı, istiqamətləndirici nişanların quraşdırılması, istifadəçilərin yalnız zolaqlardan istifadə etməyə dəvət edən müxtəlif məlumatlandırıcı nişanlar var. Eyni zamanda, Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidməti ərazidə fəaliyyət göstərdiyi müddətdə skuter və velosiped istifadəçilərini zolaqlara yönəltməyə, onların istiqamətləndirilməsini həyata keçirir. Bununla da tədricən bu istiqamətdə hərəkətin daha nizamlı təşkili üçün ardıcıl tədbirlər görülür".
İdarə sədri artıq mikromobillik vasitələri, velosipedlər və digər kiçikhəcmli elektrik nəqliyyat vasitələrinin müasir şəhərlərdə mobilliyin əsas elementlərindən birinə çevrildiyini vurğulayıb.
"Müxtəlif hərəkət növlərinin kəsişdiyi böyük ictimai məkanlarda qarşıda duran məsələlər bu müxtəlif hərəkətlərin vahid, nizamlanmış, təhlükəsiz formada təşkilini həyata keçirməkdir. Bununla bağlı, bilirsiniz ki, artıq tənzimləmə mövcuddur. Belə ki, 2024-cü ildə "Yol hərəkəti haqqında" qaydalara edilən müvafiq dəyişikliklərlə artıq mikromobillik vasitələrinin, kiçik elektrik nəqliyyat vasitələrinin də hərəkətinin təşkilinə dair məsələlər və qaydalar, tənzimləmələr normativ əsaslarla müəyyən edilib. Burada çox müxtəlif aspektlər tənzimlənir. Yəni yolun hərəkət hissəsinin məhz mikromobillik vasitələrinə aid olan hissələrinin anlayışı verilir".
Xanlar Ağalarov bildirib ki, 2024-cü ildən etibarən şəhərin ümumi infrastrukturuna uyğun olaraq artıq bulvar ərazisində də müvafiq səlahiyyətli qurum tərəfindən mikromobillik zolaqlarının salınmasına başlanılıb və bu gün bulvarın bütün əsas istiqamətlərində həmin mikrobillik zolaqları mövcuddur.
"Qanunvericilik səviyyəsində bu sahənin tənzimlənməsinin artıq öz əskini tapdığı, hərəkətin təşkili üçün ayrılmış xüsusi zolaqların olduğu bir vaxtda, təbii ki, yerdə qalan yeganə məsələ hərəkətin nizamlanmış təşkilinə nail olmaqdır".









