
Hüquqinfo.az bildirir ki,
Qadınlar Super Liqasının təşkilində əsas məqsəd rəqabəti artırmaq və milli komandalar üçün geniş oyunçu bazası formalaşdırmaqdır.
"Hüquqinfo.az"un məlumatına görə bunu AFFA-nın Qadın Futbolu Üzrə Texniki Direktoru Emrah Aykurt deyib.
Mütəxəssis Qadınlar Super Liqasının 2026/2027 mövsümünün reqlamenti barədə məlumat verib:
"Yeni mövsümdə 12 komanda mübarizə aparacaq və yarış iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə komandalar öz aralarında 11 matç keçirəcəklər. Yekunda ilk altı yeri tutan kollektivlər A qrupunda, 7-12-ci pillələrdə qərarlaşanlar isə B qrupunda yarışacaqlar. Ümumilikdə çempionatda 126 oyun planlaşdırılır. Birinci mərhələdə 66, ikinci mərhələdə isə 60 matç oynanılacaq. A qrupunun çempionu növbəti mövsümdə UEFA Çempionlar Liqasında iştirak hüququ qazanacaq. B qrupunda yer alan komandalar üçün isə gənc istedadlara daha çox şans verilməsi və yeni oyun modellərinin sınanması əsas götürülüb".
"Rəhbərlik tərəfindən kubokla bağlı lazımi işlər aparılır. Lakin bu mövsüm üçün hər hansı hazırlıq nəzərdə tutulmayıb. Liqa yekunlaşdıqdan sonra növbəti mövsümlər üçün kubok yarışlarının keçirilməsi istiqamətində addımlar atılacaq".
O, çempionatda qeydə alınan böyükhesablı nəticələr və əsas hədəflər barədə danışıb:
"Yeni strukturu məhz buna görə qurduq. Əsas istəyimiz daha mübariz və rəqabətli oyunların keçirilməsidir. Güc balansını tənzimləmək üçün komandaları iki qrupa böldük. Ümid edirəm ki, gələcəkdə belə fərqli hesablar görünməyəcək. Məqsədimiz təkcə Yüksək Liqanı deyil, aşağı yaş qruplarını da inkişaf etdirmək, davamlılığı təmin etmək və peşəkar klubların sayını artırmaqdır".
Qeyd edək ki, Azərbaycanın Qadınlar Super Liqasına oktyabrın 18-də start veriləcək.










